4 aydır bütün dünyada yayılan koronavirus pandemiyası səbəbindən milyardlarla insana sosial izolyasiya tədbirləri tətbiq olunub.
Bizimaz.az xəbər verir ki, bəzi ölkələrdə fövqəladə vəziyyət, bəzilərində xüsusi karantin rejimi tətbiq edilsə də, hələ də virusun yayılmasının qarşısını almaq mümkün olmur.
Bu yazıda Azərbaycan və ölkəmizə qonşu olan ölkələrdəki son vəziyyət barədə məlumatları çatdıracağıq.
Gürcüstan
Gürcüstan hökuməti ölkədə fövqəladə vəziyyət rejimini uzatmaq qərarına gəlib. Bu barədə Baş Nazir Georgi Qaxariya bildirib. Onun sözlərinə görə, fövqəladə vəziyyət mayın 10-dək davam edəcək. Bundan başqa, Tbilisi, Rustavi, Batumi və Kutaisi kimi iri şəhərlərə giriş-çıxış dayandırılır.
Görülən tədbirlərin koronavirus infeksiyasının yayılmasının qarşısını təcili surətdə almaq məqsədi daşıdığı bildirilib.
Qeyd edək ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı 26 fevralda aşkar edilib. 21 martda isə ölkədə fövqəladə vəziyyət elan olunub.
Gürcüstanda 300 nəfər koronavirusa yoluxub, 3 nəfər isə dünyasını dəyişib. Virusa yoluxanlardan 69-u sağalıb. Hazırda bu ölkədə 4 834 nəfər karantində, 434 nəfər isə tibbi işçilərinin nəzarəti altında saxlanılır.
İran
İranda ötən həftə parlamentdə aparılan müzakirələrdən sonra 18 aprelə qədər nəzərdə tutulan karantin müddətinin uzadılmaması barədə qərar qəbul edilib. Buna səbəb kimi isə karantinin iqtisadiyyata vurduğu ziyan göstərilib. Karantin davam edəcəyi təqdirdə iqtisadiyyatın daha da çökəcəyi bildirilib.
Son 2 gündə artıq İranda məhdudiyyətlərin tədricən aradan qaldırılmasına başlanılıb.
Prezident Həsən Ruhaninin sağlıq qaydalarına riayət etməklə müəssisələrin fəaliyyətlərini bərpaetmə göstərişi və Ağıllı Sosial Məsafələr Planına əsasən, aprelin 11-dən əyalətlərdə az riskli qurum və müəssisələr fəaliyyətə başlayıb. Paytaxt Tehranda isə iş yerləri aprelin 18-dən açılacaq.
İran Ticarət Palatası bir neçə gün əvvəl az və çox riskli iş yerlərinin adlarını açıqlayıb. Qərara əsasən, ticarət mərkəzləri, qapalı bazarlar, restoranlar, kafe, üzgüçülük hovuzları, saunalar və gözəllik salonları kimi müəssisələr yüksək risk qrupuna aid edilib və açılmasına hələ icazə verilməyib.
Qeyd edək ki, fevralın 19-da İranda “Covid-19”a ilk yoluxma halı aşkarlandıqdan sonra insanların səyahətini məhdudlaşdırmaq üçün böyük şəhərlərin girişlərində nəzarət məntəqələri yaradılmışdı. Martın 25-dən isə qadağa genişlənmiş və əyalətlərdən gediş-gəliş yasaqlanmışdı. Bütün dünyada olduğu kimi, ibtidai və orta məktəblər, sonradan universitetlərdə təhsilə iki həftə fasilə verilmiş, bazarlar, çörək mağazaları və apteklərdən başqa, ticarət obyektləri aprelin 8-dək bağlanmışdı. Ölkədəki karantin müddətinin əyalətlərdə aprelin 11-i, paytaxtda isə 18-inə qədər uzadıldığı elan edilmişdi.
Xatırladaq ki, İran dövlət qurumlarında çalışan məmurların iş saatı 07.00-14.00 arasıdır.
Qeyd edək ki, İranda bu günə qədər 74 min 877 nəfər koronavirusdan ölüb, 4683 nəfər isə dünyasını dəyişib. Virusa yoluxanlardan 48 min 129 nəfər sağalıb.
Ermənistan
Ermənistanda koronavirus pandemiyasına görə tətbiq olunan fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb.
Ermənistan hökumətinin aprelin 13-də keçirilən növbədənkənar iclasında bu barədə qərar qəbul olunub. Qərara əsasən, ölkədə fövqəladə vəziyyət rejimi aprelin 14-ü saat 17:00-dan mayın 14-ü saat 17:00-dək davam edəcək.
Xatırladaq ki, Ermənistanda daha öncə martın 16-dan aprelin 14-dək fövqəladə vəziyyət elan olunmuşdu.
Qeyd edək ki, bu günə qədər Ermənistanda 1067 nəfər koronavirusa yoluxub, 16 nəfər ölüb. Virusa yoluxanlardan 265 nəfər sağalıb.
Rusiya
Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb.
Bu günə qədər virusa yoluxanların sayı 24 490 nəfərə, ölənlərin sayı 198-ə, sağalanların sayı isə 1 986 nəfərə çatıb.
Rusiyada 2 apreldən 30 aprelə qədər xüsusi karantin rejimi tətbiq edilib.
Türkiyə
Türkiyə koronavirusa ilk yoluxma halının ən gec qeydə alındığı ölkələrdən biri olsa da, yoluxma halı qısa müddətdə sürətlə artıb. Belə ki, Türkiyədə ilk yoluxma faktı 10 martda aşkarlanıb.
1 ay ərzində koronavirusa yoluxanların ümumi sayı 65 min 111 nəfər çatıb. 1403 nəfər ölüb, 4799 nəfər isə sağalıb.
21 martdan etibarən ölkədə karantin rejiminin tətbiqinə başlanılıb və 65 yaşdan yuxarı şəxslərin evdən çölə çıxmaları qadağan edilib.
Həmin gün bütün restoranlar, kafelər, çayxanalar, barlar və digər kütləvi məkanlar da bağlanılıb.
Türkiyə Daxili İşlər Nazirliyi koronavirusa qarşı tədbirləri gücləndirmək məqsədi ilə ölkənin 31 şəhərində 11 aprel saat 00:00-dan 13 aprel saat 00:00-a kimi komendant saatı elan etmiş, lakin qanunun tətbiqində böyük problemlər yaşanmışdı.
Hazırda komendant saatı bitib. Ölkədə yalnız 65 yaşdan yuxarı və 20 yaşdan kiçik şəxslərin çölə çıxmasına qadağa qoyulub.
Azərbaycan
Azərbaycanda koronavirusa ilk yoluxma halı 28 fevralda qeydə alınıb. Martın 3-dən etibarən dərslər dayandırılıb.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən isə ölkə ərazisində sosial izolyasiya tədbirləri elan edib. Bəzi vacib əhəmiyyətli müəssisələr istisna olmaqla digər kütləvi məkanları fəaliyyəti dayandırılıb və ya məhdudiyyətlər tətbiq edilib.
5 apreldən etibarən isə 20 aprelə qədər genişləndirilmiş karantin rejiminin tətbiqinə başlanılıb.
Bu günə qədər ölkəmizdə 1197 nəfər virusa yoluxub, 13 nəfər isə ölüb, 351 nəfər də sağalıb.
14 apreldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə karantin müddətinin nə zaman bitəcəyindən danışıb.
"Bizim bundan sonrakı addımlarımız elə atılmalıdır ki, insanların sağlamlığını, onların həyatını qoruya bilək. Əvvəllər qeyd etdiyim kimi, biz addımlarımızı vəziyyətə uyğun atacağıq və əlbəttə, hamımız istəyirik ki, bu karantin rejiminə tezliklə son qoyulsun və vətəndaşlar öz normal həyatına qayıtsınlar”.
Dövlət başçısı bildirib ki, əsas məsələ vətəndaşların sağlamlığı, insanların həyatıdır:
"Bu günlərdə mənə ünvanlanan yüzlərlə, minlərlə məktublar, elektron məktublar, mesajlar göstərir ki, vətəndaşlar bizim atdığımız addımları yüksək qiymətləndirirlər. Ancaq bir daha demək istəyirəm ki, koronavirus pandemiyası nə vaxt qurtaracaq bunu heç kim bilmir, heç kim proqnoz verə bilmir. Ona görə biz də, sadəcə olaraq, həm ölkə daxilində vəziyyəti tam nəzarətdə saxlamalıyıq, geniş monitorinq aparmalıyıq və aparırıq.
Eyni zamanda, dünyada gedən prosesləri də yaxından müşahidə edərək öz addımlarımızı elə ataq və tam əmin olaq ki, bu koronavirus pandemiyası artıq təhlükə törətmir. Hesab edirəm ki, ancaq ondan sonra müəyyən dərəcədə yumşalma addımlarının atılması mümkündür. Hələ ki, demək tezdir, amma son günlərin rəqəmləri ümidvericidir. Ümid etmək istəyirəm ki, bu müsbət dinamika, yəni, xəstələrin sayı ilə bağlı müsbət dinamika bundan sonra da davam edəcək. Ancaq yenə də deyirəm, biz addımlarımızı vəziyyətə uyğun şəkildə atacağıq”.
Son olaraq qeyd edək ki, bütün dünyada son məlumata əsasən 2 milyon 004 min 819 nəfər koronavirusa yoluxub. Ölənlərin sayı 126 min 830 nəfər, sağalanların sayı isə 485 min 362 nəfərdir.
BAKU.WS