Ötən ilin dekabrında koronavirus haqqında ilk məlumatı verən, ancaq daha sonra təşvişə səbəb olduğu üçün danışmasına qadağa qoyulan 34 yaşlı həkim Li Venlianq özü də koronavirusdan dünyasını dəyişib. 

 

Bizimaz.az : BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Li hələ dekabrın 30-da xəstəlik barədə xəbərdarlıq yaymışdı.

O, dostlarına göndərdiyi müsajda yerli dəniz məhsulu yeyən 7 nəfərin xəstəxanada karantin altında saxlanıldığını və ölümcül virus daşıyıcısı olduğunu yazmışdı. Uhan şəhərinin polis əməkdaşları isə onu yalan məlumat yaymaqda ittiham edərək susdurmuşdu.

İddialara görə, SARS epidemiyası 2003-cü ildə Çində yüzlərlə insanın ölümünə səbəb olduğundan Pekin hökuməti bu dəfə epidemiyanı ört-basdır etməyə çalışıb. Virusun əsas mərkəzi olan Uhanda işləyən Linin mesajı qısa müddətdə sosial şəbəkələrdə yayılmağa başlayıb.

Bundan sonra Li şayiə yaymaqda ittiham edilərək Uhan polisinin təzyiqlərinə məruz qalıb. Li təqiblərə məruz qalan ilk həkim olmayıb. Belə ki, digər həkimlərə də epidemiya haqqında məlumatları yaymamaq üçün senzura qoyulub.

Çində koronavirusun yeni növünə yoluxanların sayı 31,1 mini ötüb. Bu xəstəlikdən 636 nəfər ölüb, 1540 nəfər sağalıb. 186 mindən çox insan karantindədir. Ən çox yoluxma halı (22,1 min) Xubey əyalətindədir. Orada 618 nəfər ölüb, 817 insan sağalıb. Xəstələrlə təmasda olmuş 64 mindən çox insan həkimlərin daim nəzarətindədir.

Çjetszyan (970 nəfər yoluxub) və Quandun (954 nəfər yoluxub) əyalətlərində virusdan ölüm halı qeydə alınmayıb, müvafiq olaraq 70 və 91 nəfər sağalıb.

Pekində 274 nəfər yoluxub, 1 nəfər ölüb. Xeyluntszyan əyalətində 227 nəfər yoluxub, 3 nəfər ölüb, Daxili Monqolustan Muxtar Rayonunda 46 nəfər yoluxub. Xəstəliyin əlamətlərinin müşahidə edildiyi, lakin diaqnozun qoyulmadığı 24,7 mindən çox insan həkimlərin nəzarəti altındadır.

BAKU.WS