İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameni 8 ildən sonra ilk dəfə paytaxt Tehranda cümə namazında şəxsən iştirak edib.
Bizimaz.az: BAKU.WS "Mehr" agentliyinə istinadən xəbər verir ki, cümə namazı zamanı çıxış edən Ayətullah Xamenei Ukraynanın vurulan "Boeing 737-800" sərnişin təyyarəsinə də toxunub.
O, bildirib ki, Ukrayna təyyarəsinin vurulması dəhşətli faciədir, amma İranın düşmənləri bundan öz məqsədləri üçün istifadə etməyə çalışırlar:
"Ukrayna təyyarəsi ilə baş verən dəhşətli faciə İran xalqını həqiqətən kədərləndirdi, lakin bu faciəli hadisənin köməyi ilə düşmənlər müqavimət komandirlərinin (İranın) şəhidliyinə kölgə salmağa çalışırlar. Bu, acı hadisə bizim qəlbimizi yandırdı. Komandirlərə minnətdaram ki, olayla bağlı İran xalqına doğru məlumat verdilər. Lakin oxşar hadisələrin qarşısı alınması üçün bu məsələ ciddi şəkildə araşdırılmalıdır".
İranın ali rəhbəri Yaxın Şərqdə baş verənlərə görə Avropanın üç ölkəsini sərt tənqid edib: "İngiltərə, Almaniya və Fransa heç nə etmir. Yalnız ABŞ-ın maraqlarına xidmət edirlər. Avropalılar İran xalqını diz çökdürə bilməyəcəklər".