Böyük Britaniya Parlamentinin alt qanadı olan İcmalar Palatası Brexit sazişini təsdiqləyib.
Bizimaz.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını təsdiqləyən Brexit sazişi İcmalar Palatasında səsverməyə çıxarılıb.
330 nəfər Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının lehinə, 231 nəfər isə əleyhinə səs verib.
Beləliklə, layihə İcmalar Palatasında təsdiqlənərək Lorldar Palatasına göndərilib. Layihə 22 yanvarda müzakirəyə çıxarılacaq və burada da qəbul ediləcəyi təqdirdə təsdiqlənməsi üçün 31 yanvarda Kraliça II Elizabetə göndəriləcək.
Məlumat üçün bildirək ki, İcmalar Palatası tərəfindən təsdiqlənən razılaşma, Britaniyanın Avropa İttifaqından çıxmasından sonra nəzərdə tutulan 11 aylıq keçid dövründə gömrük ittifaqının davam etdirilməsini və Aİ ölkələrinin mövcud hüquqlarının qorunmasını nəzərdə tutur.
11 ay ərzində balıqçılıq, hava daşımaçılığı, dərman və təhlükəsizlik sahələrində də tənzimləmələri aparılması planlaşdırılır.
Qeyd edək ki, İngiltərə 1973-cü ildə Avropa İttifaqına qoşulub və 31 yanvarda buru qurumdan çıxan ilk ölkə kimi tarixə düşə bilər.
Xatırladaq ki, İngiltərə, Uels, Şotlandiya və Şimali İrlandiyadan ibarət olan Böyük Britaniyada 2016-cı ilinin iyununda referendum keçirilmiş və əhalinin 52 faizi Avropa İttifaqından çıxmaq üçün səs vermişdi. Brexit prosesinin 29 mart 2019-cu il, ardınca 31 mart 2019-cu il, daha sonra isə 31 yanvar 2020-ci ilə təxirə salınıb.
BAKU.WS