“O Səs Türkiyə”nin şənbə buraxılışında münsiflər Murad Boz, Seda Sayan və iştirakçı Ayşenur Gülün Əməkdar artist Sevda Ələkbərzadəni müzakirə etməsi sənətçiyə qarşı maraq oyadıb.
M. Bozun Ələkbərzadənin “Ala göz” və “Elə demə” adlı mahnılarını tərifləməsindən sonra sözügedən əsərlərə “Youtube”da baxış sayı sürətlə artıb. Belə ki, “Ala göz” bir neçə ay bundan əvvəl 5 minə yaxın dinlənildiyi halda, hazırkı göstərici təxminən 75 mindir.
“Elə demə” etnik cazz koveri isə 200 mindən çox baxış toplayıb. Bu diqqət əsərlərə yazılan şərhlərdə də özünü göstərib. Rəy bildirənlərin böyük əksəriyyəti Türkiyə vətəndaşlarıdır.
Əməkdar artist Sevda Ələkbərzadə “Qafqazinfo”ya açıqlama verərək “O səs” də müzakirə olunmasına münasibət bildirib. Məşhur müğənni yeni nəsil üçün məktəb olduğunu qeyd edib:
“Çox xoşdur ki, xarici dövlətlərdə mahnılarıma müraciət edirlər. Çünki sözügedən yarışmada ifa edən xanım azərbaycanlı deyildi. Və bu, ilk dəfə deyil. Mənə bu mövzuda çox məktublar gəlir. Misal üçün, keçən il Londonda başqa bir xanım “Elə demə” mahnısını ifa etmişdi. Məndən “minusovka”nı istədi və həmin qız yarışmaya daxil ola bildi. Demək ki, bu gün mən sadəcə ifaçı deyiləm, yeni nəsil üçün bir məktəbəm. Təkcə Azərbaycan yox, digər xarici ölkələrdə də… İllərim boşa getməyib! Etdiyim layihələr, ifalarım, seçdiyim, özümlə gətirdiyim yol düzgündür. Təbii ki, həmin “O səs”dəki xanımın ifası məndə xoş təəssürat yaratdı. Ona gələcəkdə uğurlar arzu edirəm. Həmçinin həmkarlarımın, Türkiyənin məşhur ulduzlarının barəmdə belə gözəl sözlər deməyi mənim üçün çox xoşdur”.