Koko Şanel deyirdi ki, əvəzolunmaz olmaq üçün həmişə dəyişmək, fərqli olmaq lazımdır. Fərqli olmaq dedikdə isə dərhal göz önünə yeni geyimlər gəlir.
Yerli şou əhlinin də geyim aludəçisi olduğu heç kimə sirr deyil.
Oxu.Az ulduzların bir-birindən fərqli və gözoxşayan libaslarının hansı brendə məxsus olduğunu, dəyərini “Instagram”da populyarlıq qazanan “Kim haradan geyinir?” səhifəsinə istinadən təqdim edir:
Səhnəmizin pop-divası, imicini tez-tez dəyişən Xalq artisti Aygün Kazımova gecə ziyafətlərindən birinə geyindiyi libasla diqqətləri öz üzərinə çəkməyi bacarıb. Qısa, qol hissələri muncuq və müxtəlif daş-qaşlarla bəzədilmiş qızılı rəngdə olan kübar libası “Afffair.fff” brendinə məxsusdur. Kazımovanın bu əlbisəsi 3570 manatdır.
Səhnə tərzi ilə seçilən daha bir məşhurumuz isə müğənni Günay İbrahimlidir. Günayın seçimi bu dəfə uzun, narıncı rəngdə, dəyəri 483 manat olan, “Karren Millen” brendinə məxsus zərif və sadə libas olub.
Sadə və şık obrazı ilə seçilən Əməkdar artist Tünzalə Ağayeva da dəblə ayaqlaşan ulduzlardandır. Ağayeva ağ, uzun, kürək dekolteli, üzəri zolaqlarla bəzədilmiş əlbisəyə üstünlük verib. Tünzalənin 269 manatlıq geyimi “Zara” markasındandır.
Geyimi ilə diqqətləri üzərinə cəlb edənlərdən biri də xanəndə Gülay Zeynallıdır. Gülayın geyindiyi ağ rəngdə, ön hissəsi sinədən ayağa qədər düz xətlə qara düymələrlə bəzədilən 109 manatlıq libas “Mango” brendindəndir. Zeynallı geyim kombinini “Yves Saint Laurent” markasından olan 1479 manatlıq qəhvəyi ayaqqabı ilə bəzəyib.
Bir neçə gün öncə özünə təmtəraqlı ad günü məclisi quran, adı qalmaqallarda hallanan müğənni Aysel Əlizadə isə geyindiyi qara, qısa, dekolteli əlbisəsini “Jimmy Choo” markasına məxsus eyni rəngdə, zərif ayaqqabı ilə tamamlayıb. Aysel ayaqqabısına 1488 manat xərcləyib. Eyni ayaqqabıdan isə bir müddət öncə dünya şöhrətli pop-diva Beyons istifadə edib.
Bahalı, eyni zamanda, dəbdəbəli geyim və aksesuarları ilə diqqət çəkənlərdən biri də Azərbaycana 2011-ci ildə “Avroviziya” sevinci bəxş edən Nigar Camaldır. Nigar əyninə geyindiyi qısa, sarı libasını 1181 manatlıq “Christian Dior” markasının incə, ənlik tonunda olan ayaqqabı ilə bəzəyib.