Evdar xanımlar ailələrin möhkəmləndirilməsində mühüm rol oynayır. Onlar işsiz olduğu üçün maddi-sosial təminatlarının gücləndirilməsi vacibdir.
Bizimaz.az: Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.
Onun sözlərinə görə, bu günə qədər müavinətlərin 30 faizi birbaşa qadınlara deyil, uşaqlara dəstək vermək üçün ünvanlanıb:
“Azərbaycancanda hazırda 14-ə yaxın belə sosial müavinət var. Fikrimcə, qurumlar tərəfindən belə bir təklif olsa, bu məsələ müzakirə oluna bilər, çünki növbəti ilin büdcə müzakirələri davam edir. Nazirlik təkliflərə açıqdır. Hazırda çoxuşaqlı ailələrə uşaq yeni doğulanda müavinət verilir”.
A.Kərimov bildirib ki, evdar qadınlara müavinətin verilməsinə sistemli yanaşmaq lazımdır:
“Müavinət, təqaüd, əsasən, həssas qruplara, pensiya ala bilməyən işsiz insanlara verilir. Bu işə sistemli şəkildə yanaşmaq lazımdır ki, digər müavinətlərlə uzlaşsın, mütənasiblik nəzərə alınsın. Bundan başqa, qabaqcıl təcrübəyə də baxmaq lazımdır”.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova noyabrın 22-də keçirdiyi mətbuat konfransında evdar qadınlara dövlət tərəfindən dəstək verilməsi məsələsini qaldırıb.