"Məşğulluq məsələsi, xüsusilə də gənclərin məşğulluğu dünyada əmək sferasının inkişafı üçün ən vacib məsələlərdən biridir".

 

Bizimaz.az: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, bu il sentyabrın 1-nə olan məlumata əsasən, 70 min 900 işsiz qeydə alınıb və bunların da 35,3 faizi qadınlardır.

Amma "2019-2030-cu illər üzrə Azərbaycanın Məşğulluq Strategiyası" çərçivəsində ölkədə ümumi işsizliyin 2030-cu ilə qədər 4%-ə endirilməsi, eyni zamanda qadın və gənclər arasında işsizlik səviyyəsinin minimuma endirilməsi planlaşdırılır.

Eyni zamanda nazirlikdən bildiriblər ki, ölkədə ixtisaslı işçi qüvvəsinə böyük ehtiyac var.

Bununla əlaqədar, noyabr ayının əvvəlindən etibarən Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan "Məşğulluq" altsistemi (MAS) istifadəyə verilib.

Altsistemin əsas üstünlüyü ondan ibarətdir ki, o, Dövlət Məşğulluq xidmətlərinin real vaxt rejimində çevikliyinin təmin edilməsinə və əmək bazarı iştirakçıları üçün əlçatanlığının və effektivliyinin, ümumən əmək bazarında rolunun artırılmasına imkan verəcək.

Altsistem boş iş yerlərinin, habelə işsiz və iş axtaranların real mənzərəsini əks etdirən, daim yenilənən məlumat bazasına malikdir.

Hər gün vakansiyaların elektron məlumat bazasına daxil edilməsi üzrə işlər aparılır. Hazırda bazada 15 mindən çox vakansiya var.

Vətəndaşların axtarış və məşğulluq prosesini elektron sistem vasitəsi ilə həyata keçirilməsi həmçinin bu sahədə şəffaflıq, nəzarət və operativliyi təmin etməyə imkan verəcək. "Məşğulluq haqqında" qanuna əsasən, işəgötürənlər yeni və ya boş (vakant) iş yerləri barədə məlumatları ən geci 5 iş günü müddətində vakansiya bankına daxil etməlidirlər.

Müraciət edənlər isə, öz növbəsində, "e-sosial.az” və ya “e-gov.az” portalı vasitəsilə “Məşğulluq” altsisteminə daxil olub, vakansiyalarla tanış ola, özünün iş üçün müraciət anketini formalaşdıra, ardından isə məşğulluq mərkəzinin onun üçün təklif etdiyi işlərdən özünə uyğun olanı seçərək işə dair göndərişi təsdiq edə bilərlər.

Qeyd etmək lazımdır ki, mövcud vakansiyalar haqqında məlumatları "Vakansiyalar bankı"nda təqdim etməyən işəgötürənlər inzibati qaydada cərimələnəcəklər.

"Məşğulluq" alt sisteminə daxil edilən vakansiyalar arasında aşpaz, bələdçi, mexanik, müxtəlif sahələrdə operator, elektrik, İKT mütəxəssisi, mühasib və s. ixtisaslar üstünlük təşkil edir.

"Məşğulluq" xidmətindən istifadə edən iş axtaranlar və işsizlərin dəqiq sayını müəyyənləşdirmək olmadı, çünki hazırda onların məlumatları işlənmə mərhələsindədir.

Amma Nazirlikdən bildirdilər ki, onların yaşı 21-62 arasında dəyişir.