Bakı Dövlət Sirki bərbad vəziyyətdədir.
Bizimaz.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə fotoları sosial şəbəkədə jurnalist Ülviyyə İsmayılova paylaşıb.
O bildirib ki, binadakı oturacaqlar istifadəyə yararlı deyil:
“Zalda havalandırma sistemi yoxdur. Buranın təhlükəsizlik sistemi haqqında danışmağa belə dəyməz. Tualet isə daha bərbaddır”.
Qeyd edək ki, bir müddət əvvəl Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirmişdi ki, Bakı Dövlət Sirkinin hazırkı binası kifayət qədər məhdud bir ərazidə yerləşir:
“Azərbaycanda yeni sirk binasının tikintisi ilə bağlı layihələr hazırlayırıq. Ümumilikdə, yeni sirk binası inşa olunacaq. Köhnə sirkin binası isə əyləncə, şou və istirahət mərkəzi kimi fəaliyyət göstərəcək”.
Məsələ barədə Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətovla əlaqə saxladıq.
M.Hümbətov Oxu.Az-a açıqlamasında bildirib ki, sirkin yenidən təmir edilməsi, müasir tələblərə cavab verən səviyyə gətirilməsi texniki baxımdan həddindən artıq çətindir:
“Bu, nəzərdə tutulandan artıq xərclər tələb edir. Bakı Dövlət Sirki 1967-ci ildən istifadəyə verilmiş binadır. Avadanlıqların çoxunu bərpa etmək mümkün deyil. Bina tamamilə sökülməli və yenisi tikilməlidir. Bu istiqamətdə də dövlət səviyyəsində işlər gedir”.
Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, sirkin binası şəhərin görkəminə, quruluşuna görə öz yerində deyil:
“İctimai nəqliyyatın sıx hərəkət etdiyi yerdən kənardır. Ora tamaşaya gələnlərin gözləməsi üçün yaxınlıqda da elə bir istirahət yeri yoxdur. Müasir görkəmli sirkin tikintisi üçün müəyyən tələblər var.
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yeni binanın tikintisi üçün bir neçə ölkədən mütəxəssislər dəvət edilib. Layihədə bütün problemlər nəzərə alınacaq”.
Xatırladaq ki, Bakı Dövlət Sirkinin hazırkı binası 1967-ci ildə istifadəyə verilib. Həmin binanın memarları Ənvər İsmayılov və Faina Leontyeva olub.
BAKU.WS