Prezidentin ötən gün 38 və 39 yaşlı gəncləri icra başçısı təyin etməsi, onları təyinatları ilə bağlı qəbul etməsi və etimadı gənc kadrları diqqət mərkəzinə gətirib.
Maraqlıdır, hazırda ən gənc icra başçısı kimdir və hansı rayona başçılıq edir?
Axar.az xəbər verir ki, gənc icra başçılarından biri ötən il Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Vüqar Zeynalovdur. Hazırda 43 yaşı olan V.Zeynalov 1976-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinin məzunudur.
Digər gənc icra başçısı 2018-ci ilin 30 oktyabr tarixində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Tahir Məmmədovdur. 1977-ci ildə Ağdam rayonunun Mollalar kəndində anadan olan icra başçısı Mingəçevir Politexnik İnstitutu və Bakı Dövlət Universitetini bitirib. 1999-cu ildə “Mingəçevir” Televiziya və Radio Şirkətində redaktor kimi işə başlayıb. Sonra “Azbentonit” MMC-də texniki istehsalat şöbəsinin rəisi, “İctimai” Televiziya və Radio Yayımları Şirkətində baş direktorun köməkçisi və şirkətin İctimaiyyətlə əlaqələr və monitorinq departamentinin direktoru, Avropa Yayım Birliyində Azərbaycan təmsilçisi, “Avoviziya” Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin üzvü və rəhbəri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müşaviri, UNESKO-nun “İnformasiya hamı üçün” Proqramının (IFAP) Azərbaycan Komitəsinin sədri vəzifələrində işləyib.
Ən gənc icra başçılarından biri də prezidentin dünən imzaladığı sərəncamla Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Elnur Rzayevdir. Bu vəzifəyə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini postundan gətirilən E.Rzayev 1980-ci ildə Qərbi Azərbaycanın Aşağı Şorca kəndində anadan olub. Hazırda 39 yaşı olan icra başçısı 2004-2009-cu illərdə DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsində məsləhətçi, 2009-2013-cü illərdə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsində işləyib. 2013-cü ildən isə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini olub.
Hazırda ən cavan icra başçısı isə Yevlax Şəhər İcra Hakimiyyətinin yeni təyin edilən başçısı Anar Tağıyevdir. Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsindən bu posta gətirilən A.Tağıyev 1981-ci ildə Bakı şəhərində anadan olub. 38 yaşlı icra başçısı 2001-ci ildə Bakı Dövlət Universitetini, 2005-ci ildə isə Moskva Dövlət Vilayət Universitetini bitirib.
2011-ci ildən yeni təyinatadək Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışırıb.