İlin sonunadək Bakıda bütün avtobus marşrutlarının kart sisteminə keçidi təmin olunacaq.
Bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Onun sözlərinə görə, hazırda paytaxt ərazisində müntəzəm marşrut xətlərində istifadə olunan 503 avtobusda gediş haqqı kart sistemi ilə qəbul olunur, qalan böyük əksəriyyətində isə kart sistemi yoxdur.
“Bu prosesi gecikdirən əsas səbəblərdən biri avtobusların yenilənməsidir. Yəni, texniki baxımından yararsız olan avtobuslarda kart sisteminin tətbiqinin anlamı yoxdur. Lakin dövlət tərəfindən bu sahədə çalışan sahibkarlar üçün yaradılan şəffaf idarəetmə sistemi və əlverişli biznes mühitinin verdiyi imkanlar, daşıyıcılar tərəfindən yeni avtobusların gətirilməsinə maraq yaranıb. Bu imkanlardan istifadə edən daşıyıcılar tərəfindən təxminən 200-ə yaxın yeni nəqliyyat vasitəsi gətirilərək müxtəlif xətlər üzrə istismara verilib. Bunların sırasına 39, 81, 160, 64, 133, 202 və digər nömrəli marşrut xətlərini qeyd etmək olar ki, onlarda yeniləmə işləri aparılıb”, - deyə M. Ağayev qeyd edib.
Agentliyin sözçüsü əlavə edib ki, hazırda dövlət tərəfindən də avtobus parkının yenilənməsi üzrə işlər aparılır və bu işlər çərçivəsində paytaxta yeni 300 avtobus gətiriləcək:
“Onlardan təxminən 210-u artıq Bakıdadır. Digərlərin də gətirilməsi üçün plana uyğun olaraq işlər aparılır. Proses tam olaraq noyabr ayında yekunlaşacaq. Ümumiyyətlə, bu avtobusların xətlərə buraxılması və kart sisteminə tam keçid bu ilin sonuna yekunlaşacaq”, - deyə M. Ağayev əlavə edib.
istinad