“Bakıda qəbiristanlıqlarda qəbir yerləri üçün təyin olunmuş dövlət rüsumu var. Dövlət rüsumu müsəlman qəbirləri üçün 63 manat, qeyri-müsəlman qəbirləri üçün isə 79 manat təşkil edir”.
Bunu “Report”a açıqlamasında Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov deyib.
O bildirib ki, rüsuma tikinti materialının qiyməti daxil deyil: “Tikinti materialını ya biz alıb veririk və pulunu alırıq, ya da bunu mərhumun yaxınları edir. Tikinti materialının tərkibinə 58 ədəd mişar daşı, 3 kisə sement, 6 ədəd Ələt daşı, qum və fəhlə pulu daxildir. Ümumi məbləğ bazar qiymətinə görə təyin edilir”.
S.Həsənov qeyd edib ki, insanlardan təyin olunan dövlət rüsumundan başqa ödəniş tələb olunmur. O bildirib ki, əlavə ödənişin tələb edilməsi qanunsuzdur: “Əgər belə hal müşahidə olunsa, vətəndaşlar Trestin "Qaynar xətti"nə, yəni 012 510-83-08 nömrəsinə zəng edə bilərlər”.