Azərbaycan prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama görə, 2018-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etmək, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi həyata keçiriləcək.
İqtisadçı-alim Qubad İbadoğlu pensiyaların artımı ilə bağlı sərəncamı şərh edib. O, bildirib ki, sərəncama görə, əmək pensiyaları 12 manat 54 qəpik artım olub:
“Bu ildən ötən il üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq əmək pensiyaları indeksləşdirilir. Dövlət statistika komitəsinin 2017-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilə nisbətən 5,7 faiz artaraq 528,2 manat olub. Belə olan halda bütün növ əmək pensiyaları orta hesabla 5,7 faiz artır. Bu o deməkdir, aylıq 150 manatlıq pensiya məbləği 8 manat 55 qəpik, 160 manatlıq pensiya məbləği 9 manat 12 qəpik, 170 manatlıq pensiya məbləği 9 manat 69 qəpik, 180 manatlıq pensiya məbləği 10 manat 26 qəpik, 200 manatlıq pensiya məbləği 11 manat 40 qəpik, 220 manatlıq pensiya məbləği 12 manat 54 qəpiklik artıma məruz qalacaq”.