2022-ci ilin avqust ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,2 faiz, əvvəlki ilin avqust ayına nisbətən 120,8 faiz təşkil edib.
Bizimaz/az bildirir ki, bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma çörəyin, unun, peçenyenin, düyünün, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, qatılaşdırılmış şəkərli südün, kəsmiyin, pendirin, yumurtanın, bitki yağlarının, limonun, xiyarın, sarımsağın, göy lobyanın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, kakao tozunun, kola içkisinin, limonadın, pivənin, ucuzlaşma isə əsasən təzə balığın, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, pomidorun, soğanın, kələmin, bibərin, badımcanın qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2022-ci ilin avqust ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 faiz, əvvəlki ilin avqust ayına nisbətən 108,9 faiz təşkil edib. Cari ilin avqust ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma parçaların, boyaların, mebellərin, məişət cihazlarının, işıq lampalarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dəftərxana ləvazimatlarının, sintetik yuyuсu vasitələrin, sabunların, şampunların, diş pastalarının, ucuzlaşma isə kəsilmiş taxtaların qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2022-ci ilin avqust ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 faiz, əvvəlki ilin avqust ayına nisbətən 109,5 faiz təşkil etmişdir. Cari ilin avqust ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma mənzillərin icarə haqlarında, paltarların, ayaqqabıların, mənzillərin, məişət cihazlarının təmiri, ictimai iaşə, stomatoloji, bərbərxana, kosmetoloji və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.