Bu gündən etibarən üç gün ərzində 20-dən çox ölkədən 40 nəfərə yaxın beynəlxalq səyahətçi Qarabağ və Şərqi Zəngəzura səfər edəcək.

 

Bizimaz.az  Report-a istinadla xəbər verir ki, heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Charles Veley-dir.

Beynəlxalq səyahətçilər 3 gün ərzində avtomobillərlə - sentyabrın 8-də Şuşa-Ağdam, sentyabrın 9-da Füzuli-Xocavənd, sentyabrın 10-da Zəngilan (Ağalı kəndi)-Cəbrayıl (Xudafərin körpüsü) marşrutları üzrə hərəkət edəcəklər. Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasına dair müstəsna əhəmiyyət daşıyır.

Qeyd edək ki, ötən 1 ildə dünyanın biznes və turizm elitasını özündə birləşdirən əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC (Extremal Travellers International Congress), MTP (Most Travelled People), TCC (Travelers' Century Club), Nomadmania klublarının təsisçiləri, prezidentləri və tanınmış üzvləri səviyyəsində qrupların Qarabağ və Şərqi Zəngəzura 3 dəfə səfərləri təşkil edilib.

Xatırladaq ki, bu səfərlərdə indiyədək ümumilikdə 25-ə yaxın ölkədən 100 nəfərdən çox beynəlxalq səyahətçi iştirak edib. Bu, sayca 4-cü analoji səfərdir və bu dəfə heyətdə daha çox ölkədən nümayəndələr iştirak edir.