Azərbaycanda Ramazan ayı başlayıb.
Azərbaycan ərazisində təzə Ayın (hilalın) görünməsi 13 aprel tarixində baş verdiyindən Ramazan ayının 1-i 14 aprel 2021-ci il tarixindən başlaması təsdiqlənib.
QMİ-nin Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar Fətva qəbul edib. Fətvada deyilir:
“Müqəddəs Kitabımız Qurani-Şərifdə Allah-Təala bizlərə buyurur: “Sizlərdən (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutsunlar...” (Bəqərə,185). Aləmlərə rəhmət, möminlərə mərhəmət olan Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayının başlanması münasibəti ilə dünya müsəlmanlarını, o cümlədən, ölkəmizdəki müsəlman qardaş və bacılarımızı təbrik edir, Allah-Təaladan ibadətlərimizin və dualarımızın qəbul olunmasını diləyirik.
Bəzi hədisi-şəriflərdə qeyd olunur ki, Allah orucu zənginlər imkansızların halından xəbərdar olsunlar deyə vacib buyurulub. Orucluqda iftar süfrələri açmağı niyyət etmiş şəxslərin bunun əvəzinə yardım etməsi, həmin vəsaitin imkansız və ehtiyacı olan insanlara xeyriyyə məqsədi ilə sərf edilməsi daha məqbul və savab olub, orucun fəlsəfəsinə uyğundur.
Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qazılar Şurasının qənaətinə görə, adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.
İnşallah, Eydül-Fitr–Ramazan bayramı Şəvval ayının 1-i-Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 13-nə təsadüf edəcəkdir.
Allah oruc və namazlarınızı qəbul etsin, bizləri məğfirət və mərhəmətinə nail olan bəndələrindən qərar versin. Amin!”