AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının onlayn iclasında AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru vəzifəsinə seçkilər keçirilib.
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, açıq səsvermədən öncə çıxış edən FRTEB-in Elmi şurasının sədr müavini, akademik Cavad Abdinov qeyd edib ki, AMEA prezidentinin təqdimatına və AMEA Rəyasət Heyətinin 8 yanvar 2021-ci il tarixli qərarına müvafiq olaraq, adıçəkilən vəzifəyə AMEA-nın müxbir üzvü Misir Mərdanovun namizədliyi irəli sürülüb.
Akademik Cavad Abdinov Misir Mərdanovun bioqrafiyası haqqında məlumat verib. Qeyd edib ki, alim müxtəlif illərdə Bakı Dövlət Universitetinin baş müəllimi, dosenti, dekan müavini, tədris işləri üzrə prorektoru, sonralar isə rektoru vəzifələrində çalışıb. Misir Mərdanov 1998-2013-cü illərdə Azərbaycan Respublikasının Təhsil naziri olub. 2013-cü ildən isə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktorudur.
Misir Mərdanovun 1996-cı ildən Azərbaycan Riyaziyyat Cəmiyyətinin vitse-prezidenti, Türk dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti, Türk dünyası Riyaziyyat Cəmiyyətinin fəxri prezidenti, Pedaqoji təhsil üzrə Beynəlxalq Elmlər Akademiyasının akademiki, eyni zamanda Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi və Rusiya Təhsil Akademiyasının xarici olduğunu qeyd edən akademik Cavad Abdinov vurğulayıb ki, alim həmçinin bir sıra beynəlxalq elmi jurnalların, o cümlədən “Azerbaijan journal of Mathematics” və “TWMS Journal of Pure and Applied Mathematics”jurnallarının redaksiya heyətinin üzvü, “Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnalının baş redaktorudur: “Misir Mərdanov 2006-cı ildə “Şöhrət” ordeni ilə təltif olunub. Eyni zamanda, Azərbaycan və Dağıstan respublikalarının əməkdar elm xadimidir”.
Onlayn iclasda AMEA-nın müxbir üzvü Misir Mərdanovun elmi və elmi-təşkilati fəaliyyəti Bölmənin həqiqi və müxbir üzvləri tərəfindən geniş müzakirə olunub və yüksək qiymətləndirilib.
Açıq səsvermə ilə AMEA-nın müxbir üzvü Misir Mərdanov AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru vəzifəsinə seçilib və təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.