Azərbaycanda COVİD-19-a yoluxma ilə bağlı vəziyyətin hazırda 3-cü dalğa olub-olmadığını demək üçün yoluxma sayı əvvəlcə barmaqla sayıla biləcək qədər azalmalı və xəstəlik yox olmalıdır, ondan sonra isə xəstələnmə hallarının yenidən artımı müşahidə edilməlidir.
Bunu Trend-ə həkim-infeksionist Vüsalə Nursoy deyib.
Onun sözlərinə görə, amma Azərbaycanda hələ belə vəziyyət yaranmayıb:
"Rəqəmlər aşağı enir, amma yox olmur. Buna görə də biz buna dalğa deyə bilmərik. Sadəcə yoluxma sayında dalğalanmalar görürük. Yoluxma sayı gah artır, gah da azalır. Bu da gözlədiyimiz bir vəziyyətdir".
V.Nursoy əlavə edib ki, vaksinləşmə əhalinin orta hesabla 70 faizini əhatə edənə qədər yoluxmada belə vəziyyətin yaranması çox normaldır. Hazırda bütün dünya, o cümlədən Azərbaycan da bu vəziyyəti yaşayır.