Bildiyimiz kimi, bir çox üst tənəffüs yolu infeksiyaları mövsümi xarakter daşıyır.

 

Bizimaz.az  xəbər verir ki, bunu “milli.az”a açıqlamasında həkim-infeksionist Aygül Əliyeva deyib.

İnfeksionist bildirib ki, koronavirusun kütləvi immunitet yaranana qədər davam edəcəyi gözlənilir:

"Eyni zamanda, koronavirusun əvvəlki növləri üçün aparılan tədqiqatlara baxdıqda ən çox qış-payız aylarında xəstəliyin yayıldığı göstərilir.

2012-ci ildə epidemiyaya səbəb olan koronavirusun digər bir növü olan MERS-CoV infeksiyasının hələ də sporadik xəstələnməyə səbəb olduğu bildirilir. Aparılan tədqiqatlar da göstərir ki, COVİD-19 virusunun kütləvi immunitet yaranana qədər davam edəcəyi və mövsümi hal alacağı gözlənilir.

Əhalinin bir qismi artıq xəstəliyi keçirib və onlarda virusa qarşı qoruyucu antitellər yaranıb. Risk qrupunda olan şəxslərin də vaksinasiya prosesi davam edir. Əhalinin 70-80%-i vaksinasiya olunmalıdır ki, kütləvi immunitet yaransın. O zamana qədər isə qoruyucu tədbirlərə davam edilməlidir".