Qış mövsümündə yuxarı tənəffüs yolları infeksiyalarına 3-4 dəfə yoluxmaq zəif immunitet sisteminin ən bariz göstəricisidir. Ümumiyyətlə infeksiyalara həssaslıq zəif immuniteti göstərir.
Bu sözləri Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov 1 mart Ümumdünya İmmunitet Günü ilə bağlı müsahibəsində deyib.
O bildirib ki, immunitet genetik quruluşludur və ümumi bədən quruluşu kimi bir çox fərqli səbəbdən hər kəsdə dəyişir:
“Beləliklə, hər kəsin bir immunitet sistemi xəritəsi var. Həddindən artıq yorğunluq, stres və ya qeyri-düzgün qidalanma, şəkərli diabet, xərçəng və ürək xəstəlikləri kimi bir çox amillər immun sistemini zəiflədir. İmmun sisteminin zəiflədiyinin ən aşkar göstəricisi insanın tez-tez infeksion xəstəliklərə yoluxmasıdır.
Xüsusilə, hazırda yaşadığımız pandemiya dövründə immun sistemi zəif olan insanların xəstəlikdən daha çox təsirləndiyi görünür. Yaşlanma ilə əlaqədar bədənimizdəki biokimyəvi funksiya pozğunluqları hüceyrələrdən orqanlara qədər bir çox proseslərdə dəyişikliklərə səbəb olur. Bu mürəkkəb dəyişikliklərlə immun sistemi təbii olaraq qocalır. Buna görə yaşlı insanlara daha çox diqqət yetirmək lazımdır”.
“İmmunitet bədənin təbii müdafiə sistemidir. Bədəni yad orqanizmlərdən qorumaq üçün birlikdə işləyən kompleks hüceyrə, toxuma və orqan şəbəkəsidir. İmmun sistem bədənə daxil olmağa çalışan bütün maddələri tanıyır, ayırır və zərərli gördüklərini məhv edir. Zülallar və amin turşularının quruluşlarına çox bənzər maddələri belə ayırd edə biləcək qədər həssaslığa malikdir.
Qoruyucu immunoqlobulinlər ana südü ilə bizə keçir. Daha sonra, insanın immun sistemi inkişaf etdikcə anticisim istehsal etməyə başlayır. Ana südünün insanı qoruması və əhəmiyyəti bundan qaynaqlanır. Növbəti illərdə bir çox amil genetik faktorlardan asılı olaraq immun sisteminə təsir edir. Lakin dərimiz qocaldığı kimi immun sistemimiz də qocalır. Buna görə yaşlı insanlar infeksiyaya tutulmağa daha çox meyillidirlər. Hətta mövsümi qrip belə onlar üçün həyati təhlükəyə çevrilə bilər”, - deyə T.Eyvazov qeyd edib.