Bu gündən Gürcüstanın hava məkanı Azərbaycandan birbaşa uçuşlar üçün açılıb.
Bizimaz.az “Report”a istinadən xəbər verir ki, qonşu ölkəyə təyyarə ilə yollanacaq Azərbaycan vətəndaşlarından 72 saatdan gec olmayaraq edilən PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış tələb olunacaq.
Bu qayda Gürcüstan ərazisindən tranzit keçidi kimi istifadə edəcək vətəndaşlara da şamil olunacaq.
Gürcüstanda qalacaq Azərbaycan vətəndaşları 3 gündən sonra öz hesablarına PCR testindən keçməli olacaqlar.
Hazırkı mərhələdə Gürcüstan hökuməti quru sərhədlər vasitəsilə sərbəst gediş-gəlişə tətbiq etdiyi məhdudiyyətləri qüvvədə saxlayır. Qonşu ölkəyə quru sərhədlərdən koronavirusa qarşı vaksinasiyanın hər iki mərhələsindən keçən istənilən ölkənin vətəndaşları daxil ola bilərlər.
Qeyd edək ki, yaxın günlərdə Azərbaycan və Gürcüstan arasında Bakı-Tbilisi- Bakı istiqaməti üzrə müntəzəm aviareyslərin bərpa olunacağı gözlənilir.