Bizimaz.az BAKU.WS-ə istinadən  xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov qurum tərəfindən 2020-ci il ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş brifinqdə bildirib.

O qeyd edib ki, hazırda Kəlbəcərə yeni yol çəkilişinin layihələndirilməsi aparılır:

"Cənab Prezident rayonun işğaldan azad olunduğu günü gözləmədən bizə tapşırıq vermişdi ki, Kəlbəcərə gedən yolla bağlı işlərə başlayaq.

Yeni yol çəkilişi Gəncə-Göygöldən keçəcək. Hələlik düşmənlə birgə yaşayışın təminatına qədər Tərtər-Ağdərə-Kəlbəcər yolundan sülhməramlıların iştirakı ilə istifadə edirik. Ölkə başçısının tapşırığına əsasən, əhalinin təhlükəsiz keçidini təmin etmək məqsədilə yeni yol inşa edilir. Artıq 2 aya yaxındır, yolun layihələndirilməsi həyata keçirilir. Yol çəkilişi Türkiyə şirkətilə birgə aparılacaq. Martdan etibarən Kəlbəcər yolunun çəkilişinə başlanılacaq".