Avtobus dayanacaqlarında ödəmə terminallarının az olması sərnişinlərə böyük problemlər yaradır. Digər problem isə ödəmə aparatlarının yeni pul əskinaslarını qəbul etməməsidir.
Bu, onsuz da sərnişindaşımadakı qəliz vəziyyəti daha da çətinləşdirir.
Bəs çıxış yolu nədir?
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı ATV-də süjet hazırlanıb.
Məlumata görə, paytaxtda avtobus dayancaqlarının bəzilərində ödəmə terminalı quraşdırılsa da, əksəriyyətində aparat yoxdur, bəzi hallarda isə qoyulan aparat işləmir.
ATV Xəbərin əməkdaşını paytaxt sakinləri ilə söhbətində də insanlar kartın balansını artırmaq üçün metroya getməyə məcbur olduqlarını və bundan əziyyət çəkdiklərini bildirirək gileyləniblər.
Sərnişinlərin bu çətinliyi ilə bağlı ödəmə terminalları quraşdıran şirkətin nümayəndəsi Ülviyyə Əfəndiyeva isə bildirib ki, hazırda paytaxtda ödəmə terminallarının sayı 150-dən çoxdur:
“Amma son günlər aparatların bəzilərində nasazlıq yaranıb və təmirə götürülüb. Yəni bu, müvəqqəti çətinlikdir. Ümumilikdə isə problemin köklü şəkildə həlli istiqamətində yeni layihə hazırlanır.
Artıq “BakıKart” ödənişlərini təkcə dayanacaqlarda olan kartamatlarda deyil, eyni zamanda bir müddət sonra Bakı ərazisi üzrə yerləşdirilən bütün “MilliÖn” aparatlarında da etmək mümkün olacaq. Yəni bu, o demək deyil ki, yeni kartamatlar quraşdırılacaq, mövcud olan “MilliÖn” terminallarının üzərində “BakıKart” ödənişi də mümkün olacaq”.
Ödəmə aparatlarının yeni pul əskinaslarını qəbul etməməsinə gəlincə, Ü.Əfəndiyeva deyib ki, yeni əskinasların götürülməsi üçün proqram təminatı yazılıb: “Bir çox terminallar planlı şəkildə həmin o proqram təminatı ilə təmin olunur. Demək olar ki, artıq bitmək üzrədir”.
Hər halda, sərnişinlərinin bu çətinliyinin yaxın günlərdə tamamilə aradan qaldırılacağı deyilir. Ancaq bunu zaman göstərəcək.
Mövzu ilə bağlı süjeti təqdim edirik:
BAKU.WS