Azərbaycanda koronavirusla mübarizə uğurla davam edir və artıq vaksinasiya prosesinə start verilməsi də bu istiqamətdə atılan addımlardandır.
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, aparılan işlərin nəticəsində də ölkədə virusa yoluxanların sayı hiss olunacaq səviyyədə azalıb. Statistik məlumatlar da vəziyyətin yaxşılaşdığından xəbər verir.
Bu amilləri nəzərə alaraq ölkədə sərt karantin rejimi getdikcə yumuşaldılır. Lakin hələ də, açıq havada maska taxmaq məcburidir.
Qeyd edək ki, ötən ilin noyabrın 21-dən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi oldu.
Həmin ərəfədə bir çox qadağalar qüvvəyə minmişdi. Çünki ölkədə yoluxma səviyyəsi getdikcə artırdı. Hətta bu rəqəm 2000-4000 arasında idi.
Hazırda yoluxma sayının azalmasını nəzərə alaraq, açıq havada, tək olarkən, maska taxmaq məcburiyyətinin aradan qaldırılması məsələsi aktuallığa çevrilib. Bu istiqamətdə sosial şəbəkələrdə də müzakirələr geniş vüsət alıb.
Bəs mütəxəssislər nə düşünür?
Məsələnin tibbi tərəfinə aydınlıq gətirmək üçün həkim-infeksionist Natiqə Qocayeva ilə əlaqə saxladıq. Natiqə Qocayeva BAKU.WS-ə bildirdi ki, tibbi baxımdan açıq havada maska taxmağın mənası yoxdur.
“Əgər havada tək gəzirsənsə, maska taxmağa nə ehtiyac var? Məntiqlə bu zaman maska taxmaya bilərsiz. Lakin kütləvi yerlərdə, 3 nəfərin olduğu yerdə maska mütləq taxılmalıdır.
Azərbaycanda artıq vaksinasiya başlanılıb. Bununla da koronavirusun kökü kəsiləcək və pandemiya bitəcək. Etap-etap bu tətbq edilir. Mən özüm də vaksinasiya olunmuşam və heç bir yan təsiri olmayıb. 28 gündən sonra yeni doza vurulacaq. İndiyə qədər xəstələrim və tanıdıqlarım arasında vaksinasiya edib, yan təsiri olan olmayıb. Bu tam qurtaran qədər insanlar səbr etməlidirlər”, - deyə Natiqə Qocayeva bildirib.
Pulmonoloq, reanimatoloq Vüqar Səfərov da BAKU.WS-ə açıqlamasında açıq havada gəzərkən maska taxmağın mənasız olduğunu bildirdi.
“Hələki açıq havada maska taxmaq məcburidir və bu qərar götürülməyib. Bu qanun o vaxt götürüləcək ki, müəyəyn həkim qrupları müzakirələr aparacaq. Bu müzakirələrdən sonra qərar veriləcək ki, açıq havada gəzərkən maska taxmağa ehtiyac yoxdur.
Azərbaycanda kütləvi yoluxmanın qarşısını almaq üçün maska tətbiq edilir. Çox qısa müddətdə açıq havada maska taxmaq məcburiyyəti götürüləcək.
Həkim olaraq düşünürəm ki, insan açıq havada olarkən maska taxmağa məcbur edilməməlidir. Bu virusun yoluxma qabiliyyəti 2-3 metrdən çox deyil. Qərar verilərkən gərək bu amillərə fikir verilsin.
Bir nəfər parkda tək oturub, hava alırsa, onun maska taxmağına ehtiyac yoxdur. Lakin insanların olduğu yerdə mütləq maska taxılmalıdır.
Qanunun incəlikləri var. Bunu nəzərə almayıblar.
Maşında tək olarkən də maska taxmağın məntiqə uyğun olmadığını düşünürəm”, - deyə Vüqar Səfərov bildirib.
Xatırladaq ki, ötən həftə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva da RealTV-yə müsahibəsində açıq havada maska taxmaq məcburiyyəti haqqında danışıb. O bildirib ki, əgər açıq havada tək gedirsinizsə, maska taxmaya bilərsiniz.
“Sosial məkanlarda olarkən isə mütləq maska taxılmalıdır.
Bulvarda, yaxud parkda gəzərkən və ətrafda heç kim olmadıqda maska taxmaya bilərsiniz. Elə bir qayda da yoxdur”, - deyə Nəzrin Mustafayeva bildirib.
Sonradan TƏBİB nümayəndəsi məsələyə həkim kimi münasibət bildirdiyini qeyd etmişdi:
“REAL TV-yə müsahibəmdə “Açıq havada tək gedirsinizsə, maska taxmaya bilərsiniz” fikrim sosial şəbəkələrdə haqlı olaraq müzakirələrə səbəb olub. Verilişin aparıcısı bu məsələnin TƏBİB-in səlahiyyətlərinə daxil olmamasını deyərək, qərara həkim kimi mövqeyimi istədi.
Mən həkim-İnfeksionist olaraq tibbi cəhətdən bildirmişəm ki, tək gəzərkən insanın virusa yoluxma ehtimalı yoxdur. Amma gəlin razılaşaq ki, tək gəzdiyiniz zaman da hansısa yaxınımızla qarşılaşa və ünsiyyətdə ola bilərik. Odur ki, inzibati qayda tətbiq edilərkən bu və ya digər həyatın bütün situasiyalarını əhatə etmək mümkün olmur. Bu səbəbdən vahid qərar verilir”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən də açıqlama verilib. DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Azərbaycanda tibbi maskalardan istifadə Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən olunduğunu bildirib.
Qeyd edək ki, Nazirlər Kabinetindən müvafiq məsələ ilə bağlı qərar verilərkən TƏBİB-dən daxil olan məlumatlardan yararlanır.
TƏBİB-dən BAKU.WS-ə bildirilib ki, hazırda məsələ ilə bağlı yenilik yoxdur. Hər hansı yenilik olarsa, məlumat veriləcək.