Xətai rayonunda Vətən müharibəsində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin Baş leytenantı Abbasbəyli Həmid Cavanşir oğluna xatirə lövhəsi qoyulub, bulaq istifadəyə verilib.
Abidə lövhəsi və şəhid bulağı rayon İcra Hakimiyyəti tərəfindən inşa edilib, ətraf ərazilər abadlaşdırılaraq səki daşları döşənib, ağaclar, dekorativ gül kolları əkilib, sakinlərin istirahəti üçün oturacaqlar qoyulub, söhbətgah quraşdırılıb, müasir işıqlandırma sistemləri ilə təchiz edilib.
Açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, xeyriyyəçi Hacı Nuran və digər ictimai şəxslər, eləcə də şəhidin yaxınları iştirak ediblər.
Xatirə lövhəsi şəhidimizin yaşadığı ünvanda qoyulub.
Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin Baş Leytenantı Abbasbəyli Həmid Cavanşir oğlu 17 noyabr 1991-ci ildə Bakı şəhərində anadan olub, ilk təhsilini Binəqədi rayonu 157 nömrəli tam orta məktəbdə alıb. Təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirmişdir. Liseydə təhsil aldığı müddətdə öz təlim-tərbiyəsi və nizam-intizamı ilə seçilmişdir. Liseyi müvəffəqiyyətlə bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi məktəblə öz hərbi təhsilini təkmilləşdirmişdir. Ali təhsili başa vurduqdan sonra Cəbhə bölgəsində çalışmış, “Aprel döyüşləri”nin iştirakçısı olmuşdur. Dövlət layihəsi olaraq Türkiyədə və Çində xüsusi təlimlərdən keçmiş, həmin təlimləri Azərbaycan adından birinciliklə başa vurmuşdur.
Şəhid Həmid Abbasbəyli 27 sentyabr 2020-ci ildən etibarən İkinci Qarabağ müharibəsində iştirak edib. Döyüşlər zamanı minaya düşərək ayağından yaralanıb, lakin ilkin tibbi yardımdan sonra döyüşə davam edib. Füzuli, Cəbrayıl, Zəngilən şəhərlərinin, Hadrut, Ərgünəş və Laçın dəhlizinə nəzarət edən yüksəkliklərin işğaldan azad olunmasında iştirak edib.
Abbasbəyli Həmid oktyabrın 19-dan 20-nə keçən gecə Laçın cəbhəsində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin nəşi 24 oktyabr tarixində əvvəlcə Xətai rayonuna gətirilib, burada böyük izdihamla qarşılanıb, valideynləri ilə vidalaşdıqdan sonra avtomobil karvanının müşayiəti ilə İkinci Fəxri Xiyabana aparılıb. Yaylım atəşi ilə təntənəli şəkildə Xətai Rayonu icra hakimiyyətinin, Xüsusi Təyinatlı Qüvvələrin və Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı ilə torpağa tapşırılıb.