“Son dövrlər Xəzər dənizinin səviyyəsi azalmağa doğru gedir”.
Bizimaz.az “Qafqazinfo” a istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib.
O qeyd edib ki, bu proses mütəmadi olaraq baş verir: “Bu, bir neçə yüz illər əvvəl də müşahidə olunurdu, indi də müşahidə olunur. Həmçinin Azərbaycan çaylarının suyunda azalma müşahidə olunur. Azərbaycan çaylarında yaxın 20 ildə sululuq 10-15 faiz azalıb. Həmçinin Volqa və Ural çaylarında da azalma müşahidə olunur. Bütün bunlar Xəzər dənizinin suyunun azalmasına gətirib çıxarıb”.
Nazirlik rəsmisi əlavə edib ki, bu proses müəyyən dövrdən sonra stabilləşəcək: “Bu, kritik vəziyyətə gətirib çıxarmayıb. Hesab edirik ki, müəyyən dövrdən sonra proses stabilləşəcək. Bununla bağlı narahatedici amil yoxdur”.