Ötən il Azərbaycanda qeydə alınmış intihar hadisələrinin sayı açıqlanıb. 2020-ci ildə respublika ərazisində 597 intihar faktı qeydə alınıb.
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu rəqəm 2019-cu illə müqayisədə 32 nəfər çoxdur. Həmin il 565 intihar hadisəsi qeydə alınıb.
Paytaxt Bakıda son günlər hündürmərtəbəli binalardan özünü atan gəncləri nəzərə alaraq intihar hadisələri problem olaraq qalır. Bu yola əl atan gənclərin müxtəlif səbəbləri olsa da, sonda həmin şəxslər həyatına son qoyurlar.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova BAKU.WS-ə deyib ki, intiharların əsas səbəblərindən biri də koronavirusun yaratdığı psixoloji təzyiqlərdir:
"Əvvəlki illərdə görürdük ki, kişi və qadın intiharları bərabərləşib. Əslində dünya üzrə daha çox kişilər intihar edir. Koronavirus pandemiyası daha həssas dövr oldu. 2020-ci ildə gərginlik daha çox oldu. Gərginliyin əsas səbəbi koronavirusun psixoloji təzyiqləri oldu. Kimlərsə xəstəlikdən çıxılmaz vəziyyətə düşdü, kimlərinsə sosial vəziyyəti ağırlaşdı, kimlərsə kütləvi şəkildə borclandı. Bu məsələdə müxtəlif səbəblər var.
Müharibədən sonrakı intiharlar bilirsiniz ki, travmalardan doğan nəticələrdir. Hətta adi vətəndaşlar da müharibədən sonra boşluğa düşdülər. Böyük bir ruh yüksəkliyi var idi və müharibə dayanandan sonra sanki insanlar boşluğa düşdülər.
İntiharın əsas səbəbi budur ki, insan özünü realizə edə bilmir, özünü görmür, ətrafdakılar bəzən biganə olur. İntiharların bir qismi çağırış formasında olur. Onlar diqqət istəyirlər və mövcud olduqlarını nümayiş etdirirlər. Digər qisim çıxılmaz vəziyyətdə olduğu üçün buna əl atırlar. Qadınlarda bəzən olur ki, adət-ənənə, zorlanma və cinsi münasibət olduğu üçün heç kimə deyə bilmir və çıxış yolunu intiharda görür".
Ekspert hesab edir ki, əslində hər intiharın özünün bir tarixçəsi olur: "Elə hallar da olur ki, ailədə zorakılıq görür, boğaza yığılır, problemini heç kimə deyə bilmir və intihar edirlər. Burada kişilər də ola bilər. Kişilərin intiharına səbəb kimi daha çox borc məsələsi olur.
Azərbaycanda ənənəvi olaraq intihar hadisəsi bölgələrdə qadınların özünü yandırması olub. Hər dövrün özünün intihar forması olur. Artıq özünü hündür binalardan atmaq tendensiyası yaranıb. Kiminsə sevgilisi nişanlanır, emosional vəziyyət yaranır və buna etiraz əlaməti olaraq intihara üz tutur və qarşı tərəfi cəzalandırmağı düşünür.
İntiharların qarşısını almaq üçün ətrafdakılar diqqətli olmalıdır. İntihar etmək istəyən şəxslər "bezmişəm", "ölmək istəyirəm" kimi mesajlar verirlər. Əslində dünyanın ən inkişaf etmiş ölkələrində də intihar hadisələri qeydə alınır. Məsələn, İsveçdə qayda, qanun, bərabərlik və bir sözlə, hər şey var, amma intihar da var".
Mehriban Zeynalova sonda qeyd etdi ki, ətrafdakılar çox diqqətli olmalıdır: "Bəzən insanlar çox biganə olurlar. İntihara meyilli insanları diqqətə almırıq, onlara önəm vermirik, ciddi qəbul etmirik. Buna naz etmək, özünü göstərmək və qayğılandırmaq kimi baxırıq. Amma belə hallar olarkən dərhal reaksiya vermək lazımdır.
Dünyada ilk qaynar xətt İngiltərədə katolik kilsəsində yaranıb. Keşişin təşəbbüsü ilə yaradılan qaynar xətt müraciətlərə baxıb. Bundan sonra həmin üsul dünyada yayılmağa başlayıb.
Lakin müqayisə edilsə, Azərbaycanda intihar edənlərin sayı həddən artıq çox deyil. Bəziləri bunu İslam dinində qadağan olduğu üçün etmirlər. Lakin müxtəlif səbəblərdən bu problem mövcuddur. Burada görüləcək əsas iş insanların bir-birinə diqqətli olması və qaynar xətlərin bu istiqamətdə fəaliyyət göstərməsidir".