Dünya şöhrətli azərbaycanlı fotoqraf Reza Deqati Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş əzəli torpaqlarımızda gördüklərini lentə alır. Tanınmış soydaşımız viran qalmış yurd yerlərimizdə, dağıdılmış şəhər və kəndlərdə erməni vəhşiliklərinin izlərini dünyaya çatdırmaq üçün Azərbaycanda növbəti səfərdədir. R.Deqati artıq işğaldan azad olunan bir neçə rayonda olaraq oradakı mədəni və ekoloji terroru lentə alıb və dünya mətbuatında işıqlandıra bilib.
Bizimaz.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, tanınmış fotoqraf budəfəki səfərində Kəlbəcər Rayon Polis Şöbəsinin qonağı olub.
O, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən görülən işləri yaxından müşahidə edə bilib.
R.Deqati daxili işlər orqanları əməkdaşlarının xidməti fəaliyyətini yerinə yetirməsinin onda xoş təəssürat yaratdığını bildirib, bir neçə foto və video hazırlayıb, polis əməkdaşlarının xidməti şəraiti ilə yerində tanış olub.