“Bakı metropoliteni”ndə dövrü olaraq stansiya rəislərinin iş yerləri dəyişdirilir. QSC sədrinin son əmrinə uyğun olaraq, 26 stansiyadan 23-də belə yerdəyişmələr edilib.
Bizimaz.az bildirir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, “Bakı metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, yeni inşa olunmuş və istismara hazırlanan “8 Noyabr”, həmçinin “Nizami” və “Xalqlar dostluğu” stansiyalarının rəisləri yeni təyin edildiyindən onlar məsul olduqları stansiyalarda tutduqları vəzifələrdə saxlanılıblar:
“Stansiya rəislərinin yerdəyişməsi “Bakı metropoliteni”ndə mütəmadi həyata keçirilən bir prosesdir. Bu, hərəkətin təşkili baxımından mütəxəssis heyətinin peşəkarlığını daha da yüksəltməsi, daim yeniliklərə meyilli olmasını təmin edir. Metropoliten stansiyaları sərnişinə xidmət baxımından bir-birindən çox fərqlənməsə də, texniki-istismar xüsusiyyətləri, infrastruktur səciyyələri və digər məsələlərlə bağlı bir-birindən fərqlənir.
Bunlardan əlavə, yerdəyişmələr stansiya rəislərinin peşə vərdişlərini möhkəmlətməsi, peşə qabiliyyətini artırması, bilik və bacarıqlarını praktiki cəhətdən zənginləşdirməsi baxımından da əhəmiyyət kəsb edir və yekun olaraq “Bakı metropoliteni”ndə kadrların optimal hazırlıq səviyyəsində olmasını təmin edir”.