Son günlər Bakıda intiharların sayı artıb. Çox qəribədir ki, intihar edənlərin çoxu eyni üsuldan istifadə edir - özünü hündürlükdən atır.
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, bir həftə ərzində 5 nəfər özünü hündürmərtəbəli binadan ataraq canına qıydı. Hadisələrin hamısı da, demək olar ki, eyni xətt üzrə təkrarlandı.
Analoji hadisə yanvarın 27-də də baş verdi. Xırdalanda bir nəfər özünü hündürmərtəbəli binadan ataraq intihar etdi.
Eyni üsul ilə baş verən intiharların səbəbini öyrənmək üçün mütəxəssislərə müraciət etdik.
Əslində nə baş verir?
Ekspertlər bu məsələdə bədbin proqnozlar verirlər.
Azərbaycan Tibb Universitetinin dossenti, psixoterapevt Manuçehri Laleri Araz BAKU.WS-ə açıqlamasında bildirib ki, bu, çox vacib və ağır mövzudur. Onun sözlərinə görə, bu barədə ciddi tədqiqatlar aparılmalıdır:
“Bunun suallarını, nəzəriyyəsini və qarşısını almağın yollarını ciddi tədqiqat apardıqdan sonra demək olar. Son illər intiharların sayı olduqca artıb. Sadəcə sorğu-sual aparmaqla bunun əsas səbəblərini tapmaq mümkün deyil.
Bu iş təkcə psixoloq və psixoterapevtlə danışmaqla bitmir. Bu işlə bütün sahələrdən olan mütəxəssislər məşğul olmalıdır, prosesi elmi cəhətdən öyrənmək lazımdır.
İntiharların qarşısını almaq çox çətindir. Yüksəklikdən özünü atma üsulu qəfil verilən qərar və əlçatan intihar formasıdır”, - deyə həkim bildirib.
Manuçehri Araz deyir ki, intihar insanlarda uzun müddət yığılan stresin nəticəsidir:
“İnsanlarda xroniki stres yığılır və “son damla” partlama yaradır. Bəzən bu hadisə “kasası dolmuş” böyük faciə ola bilər, lakin kənardan onu adi hal kimi qəbul edə bilərlər.
Məsələn, kiminsə işdən çıxarılması bəzilərinə adi hal kimi görünə bilər. Digəri üçün bu məsələ faciə kimi görünə bilər. Bundan sonra stresə düşən şəxs özünü ələ ala bilməz və intihar edər.
Belə fikir insanda çoxdan yaranır. Qəflətən baş verən hadisə isə intihar fikrində olan insanı daha cəsarətli edir. Bu zaman həmin şəxs intihar etmək üçün ən əlçatan üsulu seçir. Belə ki, həmin dəqiqə əlində dərman, yaxud ip olmaya bilər.
Əvvəllər insanlar kimisə qorxutmaq, ona təsir etmək, problemini, dərdini çatdırmaq üçün intihara əl atırdılar. İndi bu hallar daha radikal forma alıb”.
Mütəxəssisin fikirlərinə görə, uzun müddət ev şəraitində qapalı qalmaq insanlarda stresə qarşı immuniteti azaldır: “Problemlərlə yanaşı təbliğat və yayılan informasiyalar da insanların eyni intihar növünə əl atmasına səbəb olur.
Stresin növü dərinləşir, ağırlaşır. Xilas olunmaq üçün heç bir çıxış yolu qalmır. Bəlkə də, belə insanlar bundan əvvəl bir neçə dəfə intihara əl atıblar. Bu barədə ətrafdakılara deyiblər. Lakin ətrafı ona kömək edə bilməyib”.
Belə hallar olmaması üçün nə etməliyik?
Manuçehri Arazın sözlərinə görə, son zamanlar biz insan olaraq bir-birimizi dinləmək qabiliyyətini itirmişik: “İstəyirik ki, yalnız öz dediyimizi edək, istəyimizi həyata keçirək. Küçədə insanlar bir-birinə hörmət etmirlər. İnsanlar aqressiv olublar. Hamının başı işinə, probleminə qarışıb. Valideynlər övladlarına az diqqət yetirirlər. Dostlar bir-biri ilə gec görüşürlər. Halbuki insanlar dərdləşəndə, söhbətləşəndə problemlərini deyib bir qədər yüngülləşirlər. Həkim qəbuluna da düşmək çox çətin olub.
Karantindən əvvəl psixoloqların qəbuluna gəlirdilərsə, indi buna diqqət yetirmirlər. Bəzən düşünürük ki, bu, əsas problem deyil. Lakin sonradan ikinci dərəcəli problem kimi böyük faciəyə səbəb olur. Burada ən əsas məsələ insanlar arasında münasibəti bərpa etməkdir. İnsanların psixoloqlara və psixiatrlara müraciət etməyi təlqin etməkdir. Bu, normal bir hal sayılır”.
Araz Manuçehrinin sözlərinə görə, özünün də psixoloji gərginlik keçirdiyi anlar olub: “Elə bir insan yoxdur ki, ani də olsa fikrindən intihar keçməsin. Psixiatrlar arasında belə bir söz var: “Əgər insan heç olmasa ömründə bir dəfə intiharı fikirləşməyibsə, onu psixiatra göstərmək lazımdır”. İntihar və həyat bir prosesin iki başdır. Ölüm də bir gün olmalıdır. İntihar edən adamı nə zəif, nə də güclü insan kimi təqdim etmək düzgün deyil”.
Respublika Psixiatriya Xəstəxanasının psixoloqu İlahə Dadaşova BAKU.WS-ə açıqlamasında bildirib ki, bu məsələ cəmiyyətin çox həssas tərəfidir.
“İntiharlar hər zaman olub. Sovet dövründə böyük ajiotaj məsələ olmayıbsa, intihar hadisələri ümumiyyətlə işıqlandırılmayıb. Ona görə cəmiyyət intihar edənlərdən xəbərsiz olub.
Son zamanlar isə insanların intiharı, xüsusən də hündürlükdən atılan adamların video görüntülərinin yayılması mənfiliyin yayılmasına səbəb olur. Bu halların işıqlandırılmasını bir növ təbliğat kimi də qələmə vermək olar.
Əslində hər kəsin problemi var. İstənilən problemin çərçivəsində digər insanların da beynindən intihar edərək problemlərdən qurtulmaq fikirləri keçir. Bunu fikirləşən insanın qarşısına qəfil intihar edən insanın hündürlükdən atılması videosu çıxır.
Beləliklə həmin adam “bunu düşünən tək mən deyilmişəm, deməli, bu, doğru yoldur” deyə fikirləşir. Bu zaman həmin adamda özünə inam yaranır, o cəsarətlənir və videoda gördüyü hadisəni təkrarlayır.
İlahə Dadaşova deyir ki, əslində təbliğat başqa yöndə aparılmalıdır: “İntihar çıxış yolu deyil. İntihar düşüncəsində olan insan ağır depresiyada ola bilər. O səbəbdən problemi olanlar psixoloqa, psixiatra, həkimə müraciət etməlidirlər. Ən azı yaxınlıqda olan insanlara, tanışlara, doğmalarına problemlərini deməlidirlər. Qarşıdakı insana da intihar etmək istəyi barədə mütləq demək lazımdır. Eyni zamanda intihar haqqında düşünən insana laqeyd yanaşmaq olmaz.
Bundan başqa canına qəsd etmək istəyən insanın özü də bu məsələdə müəyyən qədər marifli olmalıdır. Yəni o bilməlidir ki, intihar fikrindəyəmsə, bu, səhv düşüncədir; ya müalicə olunmalıyam, yaxud da kimləsə danışmalıyam. Bu istiqamətdə təbliğat yönümlü videolar hazırlanmalıdır. Burada iş sosial xidmətlərlə məşğul olan qurumların üzərinə düşür. Lakin bizim marifləndirmə strukturlarımız çox zəifdir”.