“İl ərzində 127 588 doğum dövlət qeydiyyatına alınıb”.
Bu sözləri Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.
O bildirib ki, insan doğulandan ölənə qədər onun barəsində məlumatlar məhz vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı əsasında aparılır:
“2020-ci il ərzində 127 588 doğum dövlət qeydiyyatına alınıb. Bu sahədə yüksək nəticələrə nail olunması diqqətdə saxlanılır.
İl ərzində səyyar xidmət vasitəsilə vətəndaşlıq vəziyyəti aktlarının verilməsi məqsədilə xəstəxanalarda 1 401 uşaq doğumu qeydə alınaraq doğum haqqında şəhadətnamələri valideynlərə təqdim olunub.
Doğum şəhadətnaməsi olmayan 1 312 uşaq aşkar edilib və 1 205 doğum qeydiyyata alınıb. Digərlərinə isə doğum aktının müəyyən olunması ilə bağlı köməklik göstərilib.
İraq həbsxanalarından və uşaq evlərindən qayıtmış 194 usaqdan 100 nəfərin doğumu dövlət qeydiyyatına anılıb.
2020-ci il ərzində doğumu qeydə alınan uşaqlardan 67 972-si oğlan, 59 616-sı isə qız olub. Onlardan 1 695-i əkiz, 46-sı üçəm, bir dördəm uşağın doğumu qeydə alınıb.
Eləcə də il ərzində oğlan uşaqlarına verilən adlar arasında Yusif, Uğur, Hüseyn, Məhəmməd, qızlara isə Zəhra, Məryam, Mələk adları üstünlük təşkil edib”.