Yanvarın 19-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə yanvarın 19-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər bəzi yerlərdə çiskinli, axşam yağıntılı olacağı, gecəyə doğru isə yağıntının sulu qara, qara keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 4-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Yanvarın 19-da Azərbaycanın rayonlarında arabir qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq. Yolların buz bağlayacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yanvarın 19-dan 21-i axşamadək Bakıda və Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişəcəyi, arabir yağıntılı, küləkli keçəcəyi və havanın temperaturunun xeyli aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.