Azərbaycanda vaksinasiyadan sonra həyatın necə olacağı və qoyulan məhdudiyyətlərın hansı formada ləğv ediləcəyi insanların maraqla gözlədiyi məsələlərdən biridir.

 

Bizimaz.az BAKU.WS-ə istinadən  xəbər verir ki, toyların hansı formada keçiriləcəyi, Azərbaycanın qonşu ölkələrlə sərhədlərinin hansı şəraitdə açılacağı, idman və fitnes zallarının hansı şərtlərlə fəaliyyətini bərpa edəcəyi böyük maraqla qarşılanır.

Deputat Cavid Osmanov BAKU.WS-in ünvanladığı sualları cavablandırıb və vaksinasiyadan sonrakı vəziyyətlə bağlı fikirlərini bölüşüb:

“Artıq bir ilə yaxındır ki, dünyada koronavirus pandemiyası tüğyan edir. Nəticədə 92 milyondan çox şəxs bu virusa yoluxmuş, 1,9 milyon şəxs isə həyatını itirmişdir. Dünyada bir sıra qabaqcıl ölkələr var ki, burada vaksinləşmə tədbirləri daha tez həyata keçiriləcəkdir. Azərbaycan da həmin nadir ölkələrdən biridir ki, vaksinləşmə prosesi baş tutacaq.

Bu, çox müsbət haldır və eyni zamanda bundan sonrakı həyatın necə formalaşcağı vətəndaşlarımızı narahat edən vacib suallardan biridir. Əvvəla onu qeyd edim ki, vaksinləşmə tədbirləri həyata keçirildikdən sonra məhdudiyyələr birdən deyil, tədricən aradan götürülməlidir.

İnsanları narahat edən digər məsələ sərhədlərin nə vaxt açılacağıdır. Digər ölkələrə vətəndaşlarımızın gedib-gəlmə məsələsi böyük maraqla qarşılanır. Hesab edirəm ki, ilk növbədə hansı ölkələrdə vaksinləşmə tədbirləri müəyyənləşib və hayata keçirilib, Azərbaycan həmin ölkələrlə sərhədlərini açması məqsədəuyğun olardı.

Bundan əlavə açıq məkanlarda tədbirlərin keçirilməsi daha düzgün olardı. Çünki qapalı şəraitdə bu virusun yoluxma sürəti daha çox olur.
İdman və fitnes zallarının qapalı qalması da insanları narahat edən məsələlərdən biridir. Fikrimcə, ilk növbədə texniki personalın vaksinləşməsindən sonra idman zalları açıla bilər. Eyni zamanda vaksin vurulmuş şəxslərin də idman və fitnes zallarına buraxılması daha məqsədəuyğun olardı”.