Azərbaycan Prezidenti İlham Əliyevin qərarı ilə 2020-ci ildə məcbur köçkünlər üçün inşa edilmiş mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib.
Bizimaz.az Trend-ə istinadla xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.
Onun sözlərinə görə, qəsəbələrdən və hündürmərtəbəli binalardan ibarət olan 4700-ə yaxın mənzil Nazirliyin balansına verilib.
F.Hüseynov bildirib ki, həmin yaşayış kompleksləri Bakı, Sumqayıt, Abşeron, Samux və Lənkəran ərazisində inşa edilib və istifadəyə hazırdır.
Xatırladaq ki, dövlət başçısı İlham Əliyev dünən bildirmişdi ki, məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək.
"Bu qərarı mən qəbul etdim. Artıq göstəriş verdim ki, Dövlətqaçqınkomun balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilsin". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.
"Kifayət qədər böyük bir proqramdır. Ona görə həm müharibəyə qədər növbədə dayanan şəhid ailələri yerləşdirilməlidir bu evlərdə. Eyni zamanda, İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin yaxınları bu evlərdə yerləşdirilməlidir. Bu, ədalətli qərardır. Hesab edirəm ki, köçkünlər, bağışlayın, keçmiş köçkünlər bunu düzgün anlayacaqlar.
Mən hər şeyi həmişə necə var, elə də demişəm. Mən bilirəm ki, onlar bu evləri uzun illər idi, gözləyirdilər, amma indi torpaqlar azad olunub. Ona görə keçmiş köçkünləri Bakıda, Gəncədə, Sumqayıtda yerləşdirmək heç bir məntiqə sığmır. Onlar üçün nəzərdə tutulmuş evləri şəhid ailələrinə vermək çox düzgün qərardır", - deyə Prezident əlavə edib.