Tarif Şurasının yanacağın qiymətindəki dəyişikliklə bağlı qərarı benzin mühərrikli avtomobillərin qiymətinə ciddi təsir göstərməyəcək.
Bizimaz.az bildirir ki, bunu Axar.az-a nəqliyyat eksperti Elməddin Muradlı Tarif Şurasının yanacaqla bağlı dünənki qərarının avtomobil bazarına təsiri barədə danışarkən deyib. O bildirib ki, bu qərar dizel mühərrikli avtomobillə benzin mühərrikli avtomobilin qiymətləri arasında fərqi bir az yaxınlaşdıracaq:
“Bu qərardan sonra ola bilsin ki, dizel mühərrikli avtomobillərə tələbat azalasın. Bəzi insanlar benzinlə dizel arasında elə bir fərq olmadığı üçün benzin mühərrikli avtomobillərə üstünlük verə bilər. Yanacağın qiymət dəyişikliyində məqsədin ətraf mühitin qorunması və dizel mühərrikli avtomobillərdən istifadəni azaltmaq olduğu bildirilir. Dünyanın bir çox ölkəsində dizel mühərrikli avtomobillərlə mübarizə aparılır. Nəhəng avtomobil istehsalçısı olan və bir neçə avtomobil şirkətinin yerləşdiyi Almaniyada da dizel mühərrikli avtomobillərin istismarına qadağa qoyulub. Bizdə ətraf mühitin qorunması üçün gömrük rüsumları azaldılmalıdır ki, insanlar ölkəyə daha təzə və keyfiyyətli avtomobillər gətirsin”.