Xəbər lenti


Ölkə ərazisində meşə ilə örtülü ərazilərin genişləndirilməsi və inkişafı məqsədilə əkin-bərpa işləri davam etdirilir. Eyni zamanda, yaşıl zolaqların, qoruyucu meşə massivlərinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər görülür. Bəs görülən işlərin fonunda insan və təbiət münasibətlərində, meşə sahələrinin ətrafında yaşayan sakinlərin, meşə mühafizəçilərinin yaşıllıqlarla davranışında dönüş yaranıbmı?

Oxu.Az-ın müxbiri Azərbaycan meşələrinin hazırkı durumu, görülən və görülməsi vacib olan işlər, bu sahədə gələcəyə olan ümidlər barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırovla söhbətləşib: 

- Dəfələrlə olur ki, kəsilən və ya dibinə beton tökülən ağacların şahidi oluruq. “Bir insan bunu necə edə bilər, axı?” - deyə düşünürük. Belə hallarla rastlaşanda siz də eyni cür düşünürsüzmü?

- İnsan təbiətin ayrılmaz parçasıdır və təbiətə vurduğumuz hər zərbə ilə özümüzdə sağalmaz yaralar açırıq. Bəlkə də, bunun çox vaxt fərqində belə olmuruq. Amma görürsünüz ki, illər ötür və təbiətə vurduğumuz zərbələr özümüzə qayıdır. Qlobal iqlim dəyişmələri, qlobal istiləşmə, şirin su ehtiyatlarının tükənməsi, havanın çirklənməsi və s. kimi fəsadlar başımızın üstünü alır. Əlbəttə, mən də belə fikirləşirəm, insanlarımız  bunu etməməlidir. 

- Meşələrin, yaşıllıqların qorunmasında, yəqin ki, bu, çox tez-tez rastlaşdığınız məsələdir?

- Elədir, təbiətə, ağaclara münasibətdə bəzilərinin yanaşması istədiyimiz kimi deyil. Təəssüf ki, bizim işçilər də daxil olmaqla, elələri var ki, hələ də meşələrə qazanc mənbəyi kimi baxır. Amma göstərilən səylər, görülən tədbirlər sayəsində ilbəil, hətta deyərdim ki, aybaay vəziyyət yaxşılığa doğru dəyişir.      

- Dəyişiklik üçün hansı fərqli vasitələrdən və ya cəza tədbirlərindən istifadə edirsiniz?

- Əsas odur ki, işçilərimizin vəzifə öhdəliklərinə münasibətləri ilə bərabər, onların meşəyə, ağaclara olan yanaşma tərzi də dəyişsin. Bilməliyik ki, meşələr, birinci növbədə Azərbaycan xalqının təbii sərvətidir, digər tərəfdən, meşə örtüyünün yaşadığımız planet və ölkəmiz üçün əhəmiyyətini anlamalıyıq.

Bilməliyik ki, sürətli iqtisadi inkişaf tempi şəraitində çirklənən havanın təmizlənməsində, iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılmasında yaşıllıqlar vacibdir. Bir sözlə, planeti karbon qazının udulmasında birinci rola malik olan ağaclar xilas edəcək.

Bunu başa düşmək kifayətdir ki, ağaclara münasibət dəyişsin və biz bunu daim təşviq edirik. İkinci məsələ ictimai nəzarətin gücləndirilməsi ilə şəffaflığın təminidir ki, bunu da durmadan təbliğ edirik.

Məsələn, bizə daxil olan hər bir şikayətə, tənqidə, sosial şəbəkələrdəki iradlara dərhal reaksiya veririk, yəni şikayətdən, tənqiddən qaçmırıq. Əksinə, hesab edirik ki, belə iş şəraiti fəaliyyətimizin güzgüsü olub, əskikləri aradan qaldırmağa kömək edir.

Düzdür, qərəzli şikayətlər, tənqidlər də olur, amma təəssüf ki, vəzifələrini layiqincə yerinə yetirən meşə işçiləri ilə yanaşı, öz işinə vicdansız yanaşanlar da var. Amma belələri sıralarımızdan uzaqlaşdırılır.

Yəni üçüncü əsas iş olaraq güclü inzibati nəzarət tədbirlərinin üzərində dayanırıq. Təkcə 2020-ci ildə vəzifə öhdəliyini yerinə yetirməyən 24 nəfər işdən azad olunub. Onlar arasında müdirlər də var. Bunu da deməliyəm ki, meşə ətrafında yaşayan sakinlərin də meşəyə münasibəti birmənalı deyil.

Əksər hallarda meşədə qanunsuz ağac kəsənlər elə meşənin yaxınlığındakı kənddə yaşayanlar, onların qohumları və ya tanışları olur. Bu da acı bir reallıqdır. Lakin məqsəd uzun illər ərzində  meşələrin qırılması hesabına qazanc əldə edənlərin qarşısını almaqdırsa, mübarizəmizi davam etdirəcəyik. 

- Dediniz ki, bu sahədə, mühafizə işlərində ilbəil, aybaay vəziyyət yaxşılığa doğru dəyişir. Bugünkü vəziyyəti qaneedici hesab etmək olarmı?

- Xeyr, hələlik neqativ hallara rast gəlinirsə, deməli, hardasa boşluqlar var. Biz də çalışırıq ki, bunlar olmasın. Amma görülən işlər də çoxdur və bu, müqayisəli təhlillərdən də görünür. Mövcud vəziyyəti qiymətləndirmək üçün əvvəlki illərin göstəricilərini müqayisə etmək istərdim.

Məsələn, ötən il meşələrdə ümumilikdə 19 107 kub qırıntı və qanunsuz müdaxilə olmuşdusa, bu il bu rəqəm 8 536 kubadək enib və fərq iki dəfədən çoxdur. Deməli, qanunsuz müdaxilələr iki dəfəyədək azalıb. O cümlədən, şikayətlərin sayında da, müqayisə aparsaq, nəzərəçarpacaq azalma var.

Biz bütün vasitə və metodlardan, innovasiyalardan istifadə etməklə idarəçilik sistemini təkmilləşdirir, işçilər üzərində nəzarətin və cəza tədbirlərinin gücləndirilməsini həyata keçiririk. Ən əsası, ictimai nəzarətin fəaliyyətimizin bütün istiqamətlərində möhkəmləndirilməsində maraqlıyıq. Bu əsaslar üzərində də fəaliyyətimizi davam etdirəcəyik ki, meşələrimizin qorunmasında və ondan səmərəli istifadədə qabaqcıl ölkələrin səviyyəsində olaq.

- Odun tədarükü məsələsi də hər zaman aktual olub. Bu il bu sahədə vəziyyət necədir?

- Açığı deyim ki, bu sahədə də şəffaflığın təmin olunması üçün nə qədər nəzarəti gücləndirsək də, tədarük və satış sistemində yeniliklər tətbiq etsək də, narazılıqlara, şikayətlərə yenə də rast gəlinir. Amma fikrimcə, bu sahədə sabitliyə və tam şəffaflığa nail olacağıq.

Onu da deyim ki, artıq əvvəlki illərlə müqayisədə, burada da şikayət və narazılıqların sayı azalıb. Məlumat üçün deyim ki, artıq odun tədarükü yekunlaşıb. Tələbatı olan təşkilatlara və vətəndaşlara sifariş əsasında oduncaq verilib.

İctimai nəzarətin həyata keçirilməsi məqsədilə oduncaq tədarükü yerlərdəki QHT nümayəndələri və ictimai fəalların iştirakı ilə aparılıb və Rayon İcra Hakimiyyətlərinin bölgüsü əsasında bu il 67 295 kubmetr həcmində oduncaq aidiyyəti üzrə paylanılıb.

- Bu həcmdə oduncaq tələbatı ödəyəcəkmi?

- Hər il əvvəlcədən hesablanmış sifariş əsasında tədarük aparılır və tələbatın ödənilməsi nəzərə alınır. Amma təcrübə göstərir ki, bəzən qazlaşdırılmayan kəndlərin əhalisi üçün qışda əlavə oduncaq ehtiyacı yaranır.

Təəssüf ki, bu halda əhali özbaşına meşələrə üz tutur, yaş ağacları kəsir, zədələyir və qanunsuz müdaxilələr yaranır. Odur ki, fürsətdən istifadə edib bildirirəm ki, ehtiyac yarananda əhali meşə mərkəzlərinə müraciət etsin, orada onların ehtiyacları ödəniləcək.    

- Ölkədə ağac əkini kampaniyalarının keçirilməsi, o cümlədən, meşə sahələrində bərpa işlərinin aparılması barədə mütəmadi məlumatlar yayılır. Bu barədə nə deyə bilərsiniz?

- Azərbaycan azmeşəli ölkədir və bizdə meşə sahələri dünyadakı mövcud normadan 2-2,5 dəfə azdır. Hazırda ölkəmizin ümumi meşə fondu torpaqları 1231,7 min hektar, meşə ilə örtülü sahələr isə 1033 min hektardır. İşğaldan azad edilmiş Qarabağ regionu da daxil olmaqla, meşələrimizun 85 faizi dağlıq, 15 faizi düzən ərazilərdə yerləşir.

Ona görə bu gün qarşımızda duran əsas vəzifə mövcud meşə sahələrinin qorunması ilə bərabər, həm də meşələrin miqyasının genişləndirilməsindən ibarətdir. Yəni bu gün həyata keçirilən əkin-bərpa işlərinin, meşəsalma tədbirlərinin olduqca böyük əhəmiyyəti var və nəzərə alsaq ki, uzun illər işğal altında qalan Qarabağ meşələri ölkənin ümumi meşə fondunun təqribən 21 faizini təşkil edir, 30 il boyunca da bu bölgədəki çoxillik ağacların bir qismi tamamilə məhv edilib, onda aparılan meşə-bərpa işlərinin, ağac əkininin nə qədər vacib olduğu daha aydın görünər.

Odur ki, bu il də məqsədimiz əsasən ondan ibarət olub ki, daha geniş ərazilərdə meşə-bərpa işləri aparaq, meşə örtüyünün miqyasını genişləndirək.

Təsadüfi deyil ki, 2020-ci ildə əkilən, bərpa edilən sahələr əvvəlki ildən daha çoxdur. Əvvəldə də qeyd etdiyim kimi, meşələr planetimizin, o cümlədən, ölkəmizin ətraf mühitinin qoruyucusudur və bu baxımdan, meşələrin genişləndirilməsi, seyrək sahələrin bərpası, yeni meşə massivlərinin yaradılması sahəsində durmadan tədbirlər görülür.

Pandemiya şəraiti olmasına baxmayaraq, meşə fondu ərazilərində yaz və payız əkin mövsümündə 722 hektar sahədə 875 000 dən artıq müxtəlif cinsli ağac əkilib, 26 083 kiloqram palıd toxumu səpilib.

Baramaçılığın və İpəkçiliyin İnkişafına dair Dövlət Proqramı çərçivəsində rayon icra hakimiyyətlərinə meşə təsərrüfatlarının tingliklərində yetişdirilmiş 391 584 tut tingi paylanılıb. Növbəti illərdə bərpa tədbirlərini həyata keçirmək üçün tinglik sahələrimizdə 1 388 000 dən artıq müxtəlif cinsli ting yetişdirilib. 

- İşğaldan azad olunmuş torpaqlarda meşə sistemi, demək olar ki, məhvə məruz qalıb. Qiymətləndirmələrdən sonra orada hansı çeşidlərlə bərpa nəzərdə tutulub? Tez böyüyən, yoxsa iqlimə uyğun ağaclar əkiləcək? 

- Qeyd edim ki, işğal olunmuş ərazilərdəki meşə fondu 260 311 hektar təşkil edir. Bunun 224 792 hektarı meşə ilə örtülü, digər 35 519 hektarı isə açıq sahələrdir. Məhv edilmiş və açıq sahələrdə növbəti ilin yaz və payız əkin mövsümlərində meşə-bərpa tədbirləri aparılması nəzərdə tutulur.

Son bir ayda işğaldan azad olunmuş ərazilərdə 3000-dən artıq, əsasən, Şərq çinarları və digər meşə cinsli ağaclar əkilib, palıd toxumları səpilib. Növbəti il üçün həmin ərazilərdə aparılacaq meşə-bərpa tədbirlərində, əsasən, yerli iqlimə uyğun ağaclar - çinar, palıd, fıstıq kimi meşəcinsli ağaclar əkiləcək. 

- Demək olarmı ki,  yaşıllıqların, meşə sahələrinin artırılması sahəsində gələcəyə olan ümidlər doğrulur?

- Məqsədimiz və hədəfimiz Azərbaycanda meşələrin dayanıqlı inkişafını təmin etməkdir və qəbul edilən Azərbaycan Respublikasının Milli Meşə Proqramı da bu işlərin reallaşması üçün bir yol xəritəsidir.

Builki  əkinlər barədə məlumat verdim, son üç ili də götürsək, ölkə üzrə ümumilikdə 4 737 hektar açıq, seyrək meşə sahəsi bərpa edilib və 29 830 hektar ərazidə təbii bərpaya kömək tədbirləri aparılıb.

Bir məsələyə diqqət çəkim ki, meşələrdə bərpa işləri, toxum səpini, əsasən, meşə təsərrüfatlarının öz daxili imkanları, yəni tinglik sahələrinin, toxum tədarük məntəqələrinin hesabına edilsə də, bəzən bizə haqlı olaraq irad tuturlar ki, əkilən sahələrə zəif nəzarət olunur. Razıyam, çünki obyektiv və subyektiv səbəblərdən əkinləri tam qorumaq mümkün olmur.

Yaşayış məntəqələrinə yaxın meşə sahələrində əhalinin mal-qarası buna imkan vermir. Bəzən də gözətçilərimizin səhlənkarlığı ucbatından itkilərə yol verilir. Amma ümumi əkin sahələri və əkilən ağac, toxum sayları böyük olduğundan və əksər sahələr dəmyə üsullarla əkildiyindən bitiş göstəriciləri ürəkaçandır. Bir sözlə, ümidlərin doğrulduğunu deyə bilərik...  

Gələn il üçün planlarımız daha genişdir. Daha böyük şövqlə, qələbə əhval-ruhiyyəsi ilə azad olunmuş Qarabağ bölgəsi də daxil olmaqla, bütün ölkə ərazisinin meşə fondu torpaqlarında bir milyondan artıq ağac əkməyi planlaşdırırıq.

Zənnimcə, gələcək illərdə əkin-bərpa işlərinin bəhrəsi görünəcək, açıq və seyrək yerlər meşələşəcək.

İlhamə Əbülfət

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov