“Baş verənlər qarşısında ağlı itirməmək uçun soyuqqanlı olmaqdan başqa çarə yoxdur. Dərd üstünə dərd gəlir. Şəxsən mən etiraf edim ki, artıq gücüm çatmır. Sağlam düşünə də bilmirəm. Amma yenə də deməliyəm, yazmalıyam, cavab verməliyəm. Hazırda belə fikir var ki, xəstəxanaya düşən ölür. Deyirlər ki, xəstəxanada nəyinsə dozasını artıq edirlər, adam ölür, xəstəxanaya düşmə öldürəcəklər”.
Bizimaz.az Cebhe.info-a istinadən xəbər verir ki, bu sözləri tanınmış pediatr Aytən İsmayılzadə deyib.
O bildirib ki, əgər xəstə intubasiya (süni tənəffüs aparatına qoşulmaq) olunmalıdırsa, bunu xəstəxanadan kənar yerdə etdirə bilməyəcək:
“İş bu yerə gəlməsin deyə nə etməliyik? Niyə elə cavan var ölür, elə yaşlı var sağalır? Yanaşı xəstəliklərin rolu öz yerində, amma bədəndə məskunlaşan virusun rolu daha çoxdur. Bu koronavirus adı bir olsa da, müxtəlif əlamətlər verməsi subtiplərinin olmasını göstərir. Heç də həmişə tənəffüs yollarını zədələmir. Sinir sistemini zədələyir, insan dadbilmə, iybilməni itirir, bəziləri güclü başağrıdan, aqressiv olmasından şikayət edir. Mədə - bağırsaq traktını zədələyir, ürəkbulanma, ishal, qarın ağrıları olur. Ürəyi də zədələyə bilir, kardiomiositləri, yəni ürək hüceyrələrini zədələsə, gecikmədən ölüm verə bilir. Damar divarını zədələyə bilir, nəticədə çoxlu tromblar yaranır və s. Ağciyər toxuması zədələnəndə də dərəcəsindən asılı olaraq adam imkan tapsa, sağala bilir, proses dayanır, orqanizm dözməsə, oksigensizlikdən butun orqanlar işini dayandırır”.
Pediatr qeyd edib ki, kimin hansı yarımnöv virusu tutacağı öncədən bəlli deyil:
“Amma əlamətlərlə bilmək olur. Buna görə də sadəcə "hərarəti yoxdur, bir gun oldu bitdi" demək doğru deyil. Digər əlamətləri izləyin və bədənə düşmüş virusun heç vaxt iki-uç günə çıxıb gedəcəyinə inanmayın. Əlamətlər başladısa, immumitetimizə çox da güvənməyək. Bu virusun necə oyun oynayacağı bilinmir. İmmuniteti aktivləşdirməyə çalışmaq vaxt itkisi ola bilər. Məsələn, siz xəstəsiz və deyirsiz ki, hələ babatam, elə vitamin C edim, görum, necə oluram. Virusa qarşı dərman tapılmır, tapsam da, ala bilməyəcəyəm. Belə olanda ilk olaraq etməli olduğunuzu etmir, virusu öldürməyə çalışmırsız. Ona da elə bu lazımdır. Artır, çoxalır, öz bildiyini edir. Amma iki-üç gunə yox, on günə, bir həftəyə, kimdəsə iki həftəyə… Və nəticədə ya o, ya siz qalib gəlirsiniz”.
Həkim bildirib ki, virusdan xəstəxanada həyatını itirənlərin səbəbi orada verilən dərmanlar deyil:
“Kimsə xəstəxanaya düşüb niyə ölsün ki? Çünki ora yüngül vaxtında getsə də, heç nə etməmiş gedir. (Sistem "heç nə"dir) Bədənində artmış viruslarını öldürməyə dərmanların da gücü çatmır. Dərman da spesifik deyil. Yəni sırf koronavirusa qarşı hazırlanmayıb. Dərman da sadəcə sınanır, virusa muəyyən dərəcədə təsir edə bilər. Xəstəxanada viruslar tuğyan edir, mikroblar kef edir. Gələn xəstəni zəif immuniteti ilə həmən qapırlar. Bir olan virus min olur. Yəni bu virus bədənə düşüb artıb çoxalmamış onu öldürməyə çalışmalıyıq. Amma burada o məsələ də ortaya çıxır ki, kimsə niyə tez ağırlaşır və həyatı sonlanır? Ola bilir ki, həmin insanlar məhz ağciyər ya ürək zədələyən forması ilə yoluxmuş olur. Ya da çoxlu virus alıb, immunitetin cavabını da yanına buraxmayıb. Buna da bəxt deyək, qismət deyək, nəsə deyək. Yoxsa itirdiklərimiz sağ qalanların ruhuna dərin təsirsiz ötüşməz. Əsas məsələ, yəni virusu vaxtında öldürmək dərmanla olur, COVID misalında qismən mumkundür. “Tamiflu”, “Kaletra”, “Favipiravir”, olmayan yerdə gec olmamaq şərtilə “Arbidol”. “Ağ bazar”dan, “qara bazar”dan nə tapa bilsəniz... Təkrar yazıram, “Erqoferon” onları əvəz etmir. “Erqoferon” interferon hasili uçundur. Yəni dərmanlar virusu öldürən güllədirsə, “Erqoferon” bu gülləni düzgün istifadə etməyə yönəlmiş təlim kimidir. Yəni təlimsiz olar, gülləsiz olmaz. Virusu öldürən digər maddə yod hesab edilir. Birinci dalğada, 7-8 ay bundan əvvəl türk hocaları bunun üzərində çalışmalar edirdi. Nəticəsi bəlli olmasa da, yodun həm bakteriya, həm virus, həm göbələyə qarşı təsiri danılmazdır. İki damla yod suda həll edib daxilə qəbul etmək və günlük qarqaralarda istifadə etmək məsləhətdir. Onsuz da yodumuz azdır. Bir də ozon. Ozon da virus və bakteriyaya qarşı öldürücü təsirlidir. İlk günlərdən ozonoterapiya məsləhət görurəm. Bunu ən azından həkim, tibb personalı çalışdığı muəssisədə varsa, edə biləcək. Əlamətlərə ad qoymadan (soyuqlama, qrip, zökəm və s) xəstəliyin ağırlaşmasına mümkün qədər əngəl olmaq lazımdır”.
Semra Ələkbərli
Cebhe.info