Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Bizimaz.az xəbər verir ki, dəyişiklik layihəsi barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.
O bildirib ki, Məcəlləyə təklif olunan dəyişikliklər ölkə başçısının 2 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Anım gününün təsis edilməsi haqqında” və 3 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Zəfər gününün təsis edilməsi haqqında” sərəncamlarından irəli gəlib.
Layihəyə əsasən, Əmək Məcəlləsinin 105-ci maddəsində nəzərdə tutulan bayram günlərinin siyahısına 8 noyabr - Zəfər günü də əlavə edilir və qeyri-iş günü olan bayram günlərinə aid edilir.
Digər bir dəyişikliklə isə Məcəlləyə yeni - 106.1-ci maddə əlavə edilir:
“Hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altındakı torpaqlarının azad edilməsi uğrunda həlak olan şəhidlərin xatirəsini yad etmə günü - “Azərbaycan Respublikasında Anım günü”dür. Həmin gün iş günü hesab edilir.
Müzakirələrdən sonra Məcəlləyə dəyişiklik layihəsi I oxunuşda qəbul edilib.