Azərbaycanda son aylarda yaşanan yüksək yoluxma səviyyəsi nəzərə alınaraq, virusun yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində sərtləşdirilmiş karantin tədbirlərinin həyata keçirilməsinə qərar verilib.

 

Bizimaz.az xəbər verir ki, xüsusi karantin rejiminin sərtləşdirilməsindən irəli gələrək 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər sahələrdə iş və xidmətlər dayandırılır.

Bütün ticarət obyektlərinə, ictimai iaşə obyektlərinə, o cümlədən restoran, kafe və çay evlərinə müştərilərə yalnız çatdırma xidmətlərinin göstərilməsi və ya onlayn satışa icazə verilir.

Milli Məclisin üzvü, həkim Müşviq Məmmədli bildirib ki, koronavirusla bağlı mübarizədə ən effektiv üsul karantin tədbirləri və 3 "qızıl qayda"dır (sosial məsafə, qoruyucu vasitələr və dezinfeksiyaedici məhlullardan istifadə).

"Bunlar arasında ən effektiv olanı karantin tədbirlərinin mümkün ola biləcək qədər tətbiqidir. Xəstəxanalara axın edilməsi, xəstələrin yerləşdirilməsi, bundan əlavə poliklinika və tibb müəssisələrində çalışan həkim və personalın prosesə qoşulması səhiyyə sisteminin yüklənməsi və ehtiyacı olan insanların tibbi yardımdan kənarda qalmasına və təcili tibbi yardım sisteminin gecikmələrinə səbəb olur.

Bundan sonra rəqəmlərin artması səhiyyə sisteminin üzərindəki yükün adekvat reaksiya verməyəcəyinə gətirib çıxara bilər. Buna görə əlimizdə olan və tətbiq edə biləcəyimiz ən mümkün vasitə sərtləşmiş karantin tədbirlərinin tətbiqidir.

Koronavirusun inkubasiya dövrünü nəzərə alsaq, 14-20 gün ərzində effektiv nəticələr müşahidə olunur. Biz effektivliyi 2 həftən sonra görəcəyik. Təbii ki, insanlar qoruyucu tədbirlərdən hər bir halda istifadə etməlidirlər. Vasitənin birinin sərtləşdirilməsi digər vasitələrin tətbiqində yumşalmalara səbəb olmamalıdır".

istinad