Xəbər lenti



Dünya ictimaiyyətinin üzləşdiyi COVID-19 pandemiyasının hazırda növbəti dalğası yaşanmaqdadır. Artıq dünyada 60 milyondan çox yoluxma halı qeydə alınıb və 1 milyondan çox insan yeni növ koronavirusdan həyatını itirib. Pandemiyanın bu mərhələsində virusa yoluxmanın yüksək həddi müxtəlif ölkələrdə yenidən sərt karantin tədbirlərinin tətbiq olunmasını şərtləndirib. 

 

Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargahın məlumatında deyilir.

Azərbaycanda son aylarda yaşanan yüksək yoluxma səviyyəsi nəzərə alınaraq, virusun yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində sərtləşdirilmiş karantin tədbirlərinin həyata keçirilməsinə qərar verilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən:

- ölkə üzrə xüsusi karantin rejiminin müddəti 2021-ci il 31 yanvar 06:00-dək uzadılır;  

- 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir; 

- Xüsusi karantin rejiminin sərtləşdirilməsindən irəli gələrək 2020-ci il 14 dekabr saat 00:00-dan  2021-ci il 18 yanvar  saat 00:00-dək ölkənin bütün ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər sahələrdə iş və xidmətlər dayandırılır. Bütün ticarət obyektlərinə, ictimai iaşə obyektlərinə, o cümlədən restoran, kafe və çay evlərinə müştərilərə yalnız çatdırma xidmətlərinin göstərilməsi və ya onlayn satışa icazə verilir;

- 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış dayandırılır;

- 2020-ci il 14 dekabr saat 00:00-dan  2021-ci il 18 yanvar  saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyəti tətbiq edilir. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında müəyyən edilən siyahı üzrə müvafiq qurumlarda çalışan şəxslər xidməti vəsiqə əsasında, eyni zamanda qərarla müəyyən edilmiş digər təşkilatların və qurumların işçiləri onlar barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yuxarıda qeyd olunan ərazilərdə hərəkət edə bilərlər;

Müvafiq dövlət qurumları və özəl hüquqi şəxslərin əməkdaşları, habelə bəzi könüllülər təşkilatlarının üzvləri barədə məlumatlar “icaze.e-gov.az” portalına 9 dekabr 2020-ci il saat 10:00-dan etibarən daxil edilməlidir.

- 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) bütün digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə SMS-icazə sistemi  və ya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə ilə icazə verilir.

SMS-icazə sistemi aşağıdakı hallarda tətbiq edilir: 

- təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 

- ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması (ərzaq mağazalarından, supermarketlərdən, bazar və aptekdən), dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir).

Yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün isə hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.

Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir.

- Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2021-ci il 31 yanvar saat 06:00-dək uzadılır. 

- Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət  2021-ci il 31 yanvar saat 06:00-dək uzadılır;

2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək tətbiq olunan məhdudiyyətlərin iqtisadi fəallığa təsiri nəzərə alınaraq əvvəlki sərtləşdirilmiş karantin rejimi zamanı müəyyən edilmiş ehtiyacı olan təqribən 600 min nəfərə 190 manat birdəfəlik maddi yardım göstəriləcəkdir. Eyni zamanda zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara yardım edilməsi nəzərdə tutulur.

Xatırladırıq ki, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. 

Virusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə hamını dövlət tərəfindən görülən tədbirlərə dəstək göstərməyə, özünüzün və ailənizin sağlamlığı naminə COVID-19 virusu ilə mübarizədə karantin tələblərinə ciddi riayət etməyə çağırırıq. 

Hazırkı dövrdə ciddi zərurət yaranmadıqda ictimai yerlərdə olmamaq, digər şəxslərlə yaxın təmaslardan yayınmaq, qapalı və açıq məkanlarda sosial məsafəyə əməl etmək, tibbi maska və digər qoruyucu vasitələrdən ictifadə etmək zəruridir. Eləcə də xəstəliyin ilkin əlamətlərini hiss etdikdə özünütəcrid tələblərinə ciddi riayət etməyə, zəruri müalicə tədbirlərinin həyata keçirilməsinə çağırırıq. 

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov