“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyatı Donanmasına aid “Maestro Niyazi” quru yük gəmisinin təmiri yekunlaşıb.
ASCO-dan verilən məlumata əsasən, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda gəminin baş və köməkçi mühərrikləri, mexanizmləri, hava kompressorları təmir olunub.
Eyni zamanda, gəmidə boru quraşdırma, elektrik quraşdırma, avtomatika və gövdə qaynaq işləri görülüb.
Bundan başqa, gəminin sualtı və suüstü hissələri, yük anbarları və qapaqları, lövbər zəncirləri və lövbərləri abraziv qumla tam təmizlənərək, üç qat rənglənib, yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir olunub.
Təmir başa çatdıqdan sonra gəmi müvafiq yoxlanışdan uğurla keçib və yenidən istismara qaytarılıb.
Qeyd edək ki, “Maestro Niyazi” gəmisinin uzunluğu 140,33, eni 16,5 metrdir, yükgötürmə qabiliyyəti isə 5500 tondur.