Ümid edirik ki, Azərbaycanda koronavirusla bağlı hər kəs tövsiyələrə riayət edəcək və ölkə üzrə tam qapanmaya getməyə ehtiyac yaranmayacaq.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Trend-ə Azərbaycanda lokal deyil, ölkə üzrə qapanmanın tətbiqinə ehtiyacın olub-olmaması barədə sualına cavab verərkən deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda yoluxma hallarının daha sürətlə artdığı bəzi şəhər və kəndlərə gediş-gəlişin qismən məhdudlaşdırılması kimi yeni yanaşmalardan istifadə olunur. Bu, hökumətin məhəllələrdə və kəndlərdə vəziyyəti yaxından izlədiyini göstərir:
"Virusun yayılmasının qarşısının alınması insanların tövsiyələrə nə dərəcədə riayət etməsindən asılıdır. Sadə gigiyenik qaydalara əməl etməklə, fiziki məsafə saxlamaqla və kütləvi məkanlara getməkdən çəkinməklə özümüzü və yaxınlarımızı qoruya bilərik".