Yeni tədris ilinin yaxınlaşması təhsilin bərpası ilə yanaşı bir sıra məsələləri də gündəmə gətirib.
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, pandemiya şəraitində tədris prosesinin bərpası və təhsil haqları ilə bağlı məsələlər gündəmin ən aktual mövzularından birinə çevrilib.
Mövcud durumla əlaqədar Təhsil Nazirliyinə müraciət etdik. Nazirlikdən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, yeni tədris ilinin təşkili ilə bağlı müzakirələr gedir:
“Yeni tədris ilinin təşkili ilə bağlı hələ ki, müzakirələr gedir. Hazırda Təhsil Nazirliyi, Təhsil İnstitutu bu sahə ilə bağlı fikirlər irəli sürür və təhlillər aparırlar.
Amma bunlar hamısı fikirlərdir, təkliflərdir. Rəsmi qərar yoxdur. Yaxın müddət ərzində veriləcək rəsmi qərarlardan sonra bu məsələnin təfərrüatları haqqında ətraflı müzakirələr aparılacaq”.
Mövzu ilə bağlı Bakı Dövlət Universitetinə müraciət etdik. Universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi isə bir sıra tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramının qəbul edildiyini bildirdi:
“Məlum olduğu kimi, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı qəbul edilib.
Bakı Dövlət Universitetində (BDU) mövcud qanunvericiliyə əsasən, təhsil haqqının ödənilməsi nəzərdə tutulan tələbələrə güzəşt tətbiq edilir. Bu güzəştlərin 1000-ə yaxın tələbəyə şamil edildiyi bildirlidi:
“BDU-da 1000-ə yaxın tələbəyə bu şamil edilib. Həmçinin bu güzəştlərin yeni tədris ilində də tətbiq olunacağı və valideyni şəhid olan tələbələrin illik ödənişdən azad olduğu açıqlandı:
“Bu güzəştlər 2020/2021-ci tədris ilinin birinci semestrini də əhatə edəcək. Valideyni şəhid olan tələbələr onsuz da ödənişdən azaddırlar”.