Moskva prospektindən 20 Yanvar dairəsinə şəhərdən çıxış istiqamətində dünəndən başlayan təmirlə əlaqədar sıxlıq yaranıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi aparılacaq işlərlə bağlı əvvəlcədən məlumat verib, alternativ yollar təklif etsə də, bu, sıxlığa təsir etməyib.
Bizimaz.az xəbər verir ki, Axar.az-a danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, işlər karantin rejimi bitənə qədər yekunlaşacaq.
“4 may tarixində 20 Yanvar dairəsinin hər iki istiqamətində aparılan işlərin yekunlaşması üçün çalışırıq. Bu müddət ərzində sürücülər aternativ yollardan istifadə etsə, daha yaxşı olar”.
Xatırladaq ki, Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 30 aprel və 1 may tarixlərində Moskva prospektindən 20 Yanvar dairəsinə şəhərdən çıxış istiqamətinə doğru hərəkət məhdudlaşdırılıb. 2 və 3 may tarixlərində isə Moskva prospektindən 20 Yanvar dairəsinə şəhər istiqamətində hərəkət məhdudlaşdırılacaq.