Azərbaycanla Türkiyə arasında quru və hava əlaqələri koronavirus pandemiyası səbəbi ilə kəsildiyindən ölkəyə dönə bilməyən tələbələrimiz maraqlı videoçarx hazırlayıblar.
Bizimaz.az "Report"un Türkiyə bürosuna istinadən xəbər verir ki, İstanbul Univeristeti və Yıldız Texnik Universitetində təhsil alan 12 tələbə hazırladıqları videoçarxda evdə və yataqxanalarda qalmaqla vaxtlarını necə maraqlı keçirdiklərini göstərməyə çalışıblar.
"Evdə qal!" şüarı altında ekranlaşdırılan film Türkiyədə təhsil alan azərbaycanlı tələbələri birləşdirən Azərbaycan-Türkiyə Qardaşlıq və Həmrəylik Cəmiyyətinin qurucusu Toğrul Xıdırlının təklifi ilə həyata keçirilib.
Sonda tələbələr koronavirusa yoluxmamaq üçün hər kəsi evdə qalmağa çağırıblar.
Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova "Report"un yerli bürosuna açıqlamasında videoçarxı çox bəyəndiyini və tələbələrin vaxtlarını səmərəli şəkildə dəyərləndirdiyini deyib: “Tələbələr videoçarxı mənə də göndərdilər, izlədim və çox bəyəndim. Düşünürəm ki, belə yaradıcı işlər onların asudə vaxtlarını dəyərləndirməyə və təbii ki, faydalı mesajlarla digər gəncləri məlumatlandırmağa və həmrəy olmağa sövq edir”.