Bakıda 18-dən 19-na keçən gecə 2 körpə xəstəxanada ölüb.

 

Bizimaz.az: Bu barədə BAKU.WS-ə vətəndaşlar bildiriblər. Çoxsaylı müraciətlərdə qeyd edilib ki, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (OMD xəstəxanası) 2 uşaq ölüb.

Qeyd edilir ki, ölkədə uşaqlar arasında xəstəliklər yayılıb. Həmin uşaqlar da bu xəstəliyə tutulubmuşlar və ondan ölüblər.

Məsələyə aydınlıq gətirmək üçün Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə əlaqə saxladıq. Xəstəxanadan BAKU.WS-ə bildirdilər ki, həqiqətən də, 18-19 fevral 2020 tarixlərində 2 xəstə yenidoğulan körpə vəfat edib.

Belə ki, 14 günlük uşaq 07.02.20 tarixdə 5 saylı doğum evindən gətirilib. Ona bətndaxili infeksiya, pnevmoniya, periventrikulyar və subkortikal leykomalyasiya, yayılmış damardaxili laxtalanma sindromu diaqnozu qoyulub.

İkinci uşaq isə 1 aylıq olub. O, 17.02.20 tarxdə Balakən rayonu sakini Bakı şəhəri 2 saylı uşaq poliklinikasının göndərişi ilə daxil olub.

Uşağın diaqnozu - bətndaxili infeksiya, fetal hepatit, hepatosplenomeqaliya, NEK, yayılmış damardaxili laxtalanma sindromu olub.

Uşaqların ümumi vəziyyətləri daxil olan andan çox ağır qiymətləndirilib.

Klinikada hərtərəfli müayinələrdən keçiblər. Reanimasiya və intensiv terapiya şöbəsində müalicə alırdılar.

Ölkədə uşaqlar arasında xəstəlik yayılmasına gəlincə, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev BAKU.WS-ə açıqlamasında hazırda uşaqlar arasında mövsümi xəstəliklərin olduğunu bildirib.

“Bizim xəstəxanaya da müraciət edənlərin sayı artıb. Lakin burada elə də narahatedici məqam yoxdur. Bu gün ölkədə virus xəstəliyinin epidemiyası halları müşahidə olunmur.

Şükürlər olsun ki, koronavirus Azərbaycanda yoxdur. Bu, o demək deyil ki, sabah hər şey qaydasında olacaq. Ona görə də uşaqları iqlimə uyğun olaraq həm qidalandırmaq, həm də geyindirmək vacibdir", - deyə Nəsib Quliyev bildirib.

Baş pediatr deyir ki, indi havaların dəyişkən keçməsi uşaqların tərləyib-soyuması ilə nəticələnir:

“Valideynlərə məsləhətimiz odur ki, uşaqları havaya uyğun geyindirsinlər. Günəşli havada bir az nazik, soyuqda isti geyinsinlər.

Uşaqların qidalanmasına fikir verməlidirlər. Ac halda uşaqları məktəbə, bağçaya göndərmək olmaz”.