“Azərişıq” ASC 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
Bu barədə Oxu.Az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
Məlumatda bildirilir ki, “Azərişıq” seçki günü bütün seçki məntəqələrini dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edəcək.
T.Mustafayevin sözlərinə görə, artıq bununla əlaqədar bütün texniki tədbirlər görülüb, əlavə maşın-mexanizmlər, materiallar ayrılıb:
“Bütün seçki məntəqələrinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün əlaqədar yarımstansiyalar və transformator məntəqələrində 24 saatlıq növbətçilik sistemi yaradılıb. Həmçinin, seçki gününə planlaşdırılmış yenidənqurma, təmir-bərpa işləri dayandırılacaq”.
“Azərişıq” rəsmisi abunəçilərə müraciət edərək qarşılaşdıqları qəza və kəsinti ilə bağlı çağrı mərkəzinə müraciət etmələrini xahiş edib:
“Qurumda 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi mövcuddur. İstehlakçılarımızdan xahiş edirik ki, qarşılaşdıqları qəza və kəsinti halları ilə əlaqədar çağrı mərkəzi ilə əlaqə saxlasınlar”.