İyirmi gün öncə toyu olan və dünən 19 yaşlı əri İman Məmmədov tərəfindən boğularaq öldürülən 16 yaşlı Fatimə Qəmbərova ilə bağlı məlumatlar cəmiyyətdə böyük rezonans yaradıb.
Bizimaz.az: BAKU.WS xəbər verir ki, bu hadisə sosial şəbəkələrdə müxtəlif müzakirələrə səbəb oldu. Azyaşlı qızlarını ərə verən ailə üzvləri qınanır və bildirilir ki, onlar da məsuliyyət daşıyırlar.
Bəs ekspertlər nə düşünürlər? Azyaşlı şəxslərin ailə qurmasında valideynlər məsuliyyət daşıyırmı?
Tanınmış vəkil, hüquqşünas Adəm Məmmədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, Masallıda 16 yaşlı qızın ərə verilməsi məsələsində valideynlər qanunla məsuliyyət daşımırlar.
"Cinayət Məcəlləsinin 152-ci maddəsilə nəzərdə tutulub ki, 16 yaşına çatmamış şəxslərin intim və seksual hərəkətləri qadağandır. Lakin burada bir neçə amil nəzərə alınmalıdır. Bunlardan biri də, hər iki şəxsin arasındakı yaş fərqidir. Əgər qızın 16, oğlanın isə 19 yaşı tamam olubsa, onların münasibətində cinayət xarakteri yoxdur.
Düzdür, onlar rəsmi nikaha daxil ola bilməzlər. Rəsmi nikah yaşı qadın və kişilər üçün 18-dir. Bu halda da nə qızın, nə də oğlanın ailə üzvlərinin heç bir məsuliyyəti yoxdur”, - deyə Adəm Məmmədov bildirib.
Vəkil deyir ki, bu məsələ mənəvi baxımdan ciddi qınağa səbəb olmalıdır:
“Hansı zamanda yaşayırıq ki, 16 yaşlı insan ailə qursun? Bu, qəbulolunmazdır. Uşağa təhsil vermək lazımdır. Sabah uşaq doğulanda, onu necə böyüdəcəklər?”
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Qurumun İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov BAKU.WS-ə bildirdi ki, bu istiqamətdə mütəmadi olaraq təbliğat aparılmalıdır.
“İnsanlara çağırış edirik ki, erkən nikahlara imkan verməsinlər. Yeni faciələrin baş verməsinə yol verməsinlər. İmkan verin, uşaqlarınız təhsil ala bilsin".
Hazırda dövlət komitəsi tərəfindən gender bərabərliyi üzrə milli fəaliyyət layihəsi hazırlanıb. Bu sahədə problemlərin aradan qaldırılması istiqamətində işlər görülür.
Hazırda Masallıda resurs mərkəzi fəaliyyət göstərir. Maarifləndirmə tədbirləri keçirilir. Bu, 1-2 ilin işi deyil. Təbliğat hər il aparılmalıdır. Cəmiyyət dəyişir, eyni zamanda problemlər və yanaşmalar da dəyişir”.
Qeyd edək ki, 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanın ölümü ilə bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda araşdırma aparılır.