Müəllimlik dünyada ən əhəmiyyətli peşələrdən biri olduğu kimi, müqəddəs, şərəfli və məsuliyyətli sahə sayılır. Hər bir ölkənin gələcəyinin formalaşmasında ibtidai işi məhz müəllimlər görür.

 

Müəllimlərin formalaşdırdığı və təhsil verdiyi uşaqlar bəlli yaşdan sonra həmin ölkənin müxtəlif sahələrdə aparıcı şəxslərinə çevrilirlər.

Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da müəllim olmaq üçün müəyyən prosedurlar keçmək gərəkdir.

Təhsil Nazirliyindən BAKU.WS-ə daxil olan məlumata görə, Azərbaycanda müəllim olmaq istəyən orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş şəxslər müsabiqədə iştirak etməklə bu peşəyə yiyələnə bilərlər.

Müəllimlərin işə qəbulu prosesi necə həyata keçirilir?

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə 4 mərhələdən ibarətdir: elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsi.

Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli diplom almış və xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən namizədlər iyun ayının sonunda miq.edu.az saytında şəxsiyyət vəsiqəsinin fin kodunu və xanada qeyd olunmuş təhlükəsizlik kodunu daxil edərək qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin fin kodunu və xanada qeyd olunmuş təhlükəsizlik kodunu daxil etdikdən sonra səhifədə iş nömrəsi görünəcəkdir. Namizəd həmin iş nömrəsini yadda saxlamalıdır. Daha sonra yenidən şəxsi səhifəyə daxil olmaq üçün həmin iş nömrəsi tələb ediləcəkdir.

Test imtahanında hər bir namizədə 90 dəqiqə müddətində ixtisas üzrə 40, təlim strategiyaları və metodika üzrə 20 olmaqla 60 test tapşırığı təqdim olunur. Test imtahanı mərhələsində keçid balı toplamış namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.

Müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır.

Qeyd edək ki, işə qəbul müsabiqəsi nəticəsində namizədin topladığı bal 2 tədris ili ərzində qüvvədədir və növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququ verir.

Namizədlər tələb olunan tarixdə şəxsi işini (diplom(lar) və ona əlavə(lər), xaricdə təhsil alanlar diplomla yanaşı, təhsil sənədlərinin tanınmasına dair şəhadətnaməşəxsiyyət vəsiqəsisağlamlıq haqqında arayış, əmək kitabçası (əgər varsa) və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti) müsahibə komissiyasına təqdim etməlidirlər.