Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Xəzərin İran sektorunda köçəri quşların, o cümlədən 2000-dən çox flaminqo quşunun kütləvi ölümü ilə bağlı məlumatlara münasibət bildirib.
Bizimaz.az: BAKU.WS xəbər verir ki, bu barədə nazirliyin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Hikmət Əlizadə “report”a açıqlama verib.
O, açıqlamasında qeyd edib ki, mətbuatdan xəbər tutduqdan sonra dərhal Xəzər dənizinə sərhəd olan ərazilərə baxış keçirilib.
Nazirlik rəsmisi əlavə edib ki, baxış nəticəsində ilkin olaraq belə hal qeydə alınmadı: "Hazırda monitorinq qrupları yaradılıb, bütün ərazilər ciddi təftiş olunur.
Əgər belə hal olsa, quş cəsədləri götürülərək Baytarlıq laboratoriyasına veriləcək, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində təhlil olunacaq və hadisənin hansı səbəbdən baş verməsi müəyyən ediləcək.
Ancaq hazırda belə fakt qeydə alınmayıb.
Təbii ki, belə hal istisna deyil. Çünki qış aylarında müxtəlif səbəblərdən quş və heyvanların ölümü baş verə bilər”.
Xatırladaq ki, İran rəsmiləri köçəri quşların kütləvi ölümünün səbəbini tam bilməsə də, qanunsuz balıq ovu ilə məşğul olanların suyu zəhərlədiyi ehtimalını iddia edirlər.
İran rəsmiləri flaminqoların ölüm sayının 5 minə çata biləcəyini güman edirlər.